Mask Trampın əsas müdafiə layihəsinə can atır - VİDEO

“Reuters”in məlumatına görə, “Qızıl Qübbə” ilə bağlı qərarların qəbulu prosesi ilkin mərhələdədir və həm iştirakçıların tərkibi, həm də layihənin strukturu dəyişə bilər.
“İlkin plana əsasən, şirkətlər raketləri aşkarlamaq üçün orbitə 400-dən 1000-dək peyk çıxarmaq niyyətindədirlər. Bundan əlavə, aşkar edilmiş təhlükələri vuracaq raket və ya lazerli 200-ə yaxın döyüş peyki olacaq. Bununla belə, “SpaceX”, çox güman ki, peyklərin silahlanmasında iştirak etməyəcək”, - mənəblər agentliyə açıqlamada deyiblər.
“Reuters”in konkret suallarını cavablandırmaqdan yayınan Pentaqon, yalnız “Ağ Evin icra sərəncamı və vaxt qrafiki çərçivəsində” variantları prezidentə təklif edəcəyini bildirib.
“SpaceX” layihədəki rolunun “abunə xidməti” kimi təyin edilməsi təklifini verib, yəni hökumət texnologiyaya giriş üçün pul ödəyəcək, lakin ona sahib olmayacaq. İki mənbənin dediyinə görə, belə model Pentaqonun bəzi satınalma formallıqlarından yan keçməyə və sistemin yerləşdirilməsinin sürətləndirilməsinə imkan yaradır.
Lakin bu, həm də risklər daşıyır: hökumət layihənin hazırlanmasına və onun qiymətinə nəzarəti itirə bilər. Ona görə də, Pentaqon artıq belə yanaşmadan narahatlığını bildirib. Çünki abunə modeli belə genişmiqyaslı müdafiə təşəbbüsü üçün qeyri-adi olardı.
Layihənin digər potensial iştirakçıları arasında “Northrop Grumman”, “Boeing” və “RTX” kimi iri podratçı şirkətlər də yer alıblar. Ümumilikdə 180-dən çox şirkət proqrama maraq göstərib.
Ekspertlərin fikrincə, “Qızıl Qübbə” layihəsinin ümumi dəyəri yüz milyardlarla dollara çata bilər.
“SpaceX” ABŞ-yə mümkün raket hücumlarının aşkarlanması, izlənilməsi və təhlili üçün peyk bürcü yaradacaq “müşahidə balonu” adlı proqram hazırlamaq üçün müraciət edib. Şirkətin hesablamalarına görə, mühəndislik işlərinin ilkin mərhələsi 6-10 milyard dollara başa gələcək.
İlon Maskın layihədə iştirakı ilə bağlı ABŞ Konqresində artıq suallar yaranıb. Bəzi demokratlar onun “ictimailəşdirilməyən məlumatlara daxili çıxışı” ilə bağlı narahatlıqlarını ifadə ediblər. Konqresmen Donald Beyer isə, Maskın özü və şirkətləri ilə hər hansı müqavilələri “şübhəli” adlandırıb.
Xatırladaq ki, “Qızıl Qübbə” ideyası şəxsən ABŞ prezidentinə məxsusdur. Mart ayında “CNN” telekanalı Donald Trampın Pentaqona, İsrailin “Dəmir Qübbə”sinə bənzər, ABŞ-ni ballistik raket hücumlarından qoruya biləcək müdafiə sistemi hazırlamağı əmr etdiyini bildirmişdi. Layihənin həyata keçirilməsi üçün bir neçə yüz milyard dollar tələb olunacağı gözlənilir.
Sahil İsgəndərov
AzVision.az