ABŞ-nin Türkiyədəki səfirindən kəskin bəyanat

   ABŞ-nin Türkiyədəki səfirindən kəskin bəyanat
  12 İyul 2025    Oxunub:1251
Amerikanın Türkiyədəki səfiri və ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak “CNN Türk” telekanalına müsahibəsində Suriya kürd birləşmələri ilə bağlı sərt açıqlamalar verib.
AzVision.az xəbər verir ki, amerikalı diplomat Suriya Demokratik qüvvələrinin (SDQ) YPG-nin, YPG-nin isə PKK-nın törəməsi olduğunu bildirib. Tom Barak PKK-nın silahı yerə qoymağa başlamasını Türkiyə üçün çox böyük hadisə kimi qiymətləndirib.

“Biz heç kimə dövlət yaratmağa borclu deyilik. Bəli, İŞİD-ə qarşı YPG ilə ittifaqımız var idi, lakin bu, onlara müstəqil idarəçilik verməli olduğumuz anlamına gəlmir. Onlara vahid Suriya daxilində keçid prosesində iştirak təklif oluna bilər”, - ABŞ-nin Türkiyədəki səfiri vurğulayıb.

ABŞ Konqresinin Suriyada SDQ-yə rəğbət bəslədiyini qeyd edən Tom Barak, Amerikanın bu qrupun Suriya hökumətinə daxil olmasının yolunu açmaq istədiyini bildirib.

- Bu, Suriyada azad Kürdüstanın tanınması deyil. Bu o demək deyil ki, ayrıca SDQ dövləti və ya ayrıca Ələvi və ya Yəhudi dövləti olacaq. Suriya var, formalaşır. Suriyanın öz konstitusiyası və parlamenti olacaq”, - Tom Barak bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Suriya  



Xəbər lenti