London: “Fələstinin tanınması vacibdir” | VİDEO

   London: “Fələstinin tanınması vacibdir”    | VİDEO
  26 İyul 2025    Oxunub:610
Fələstin dövlətinin tanınması Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində atılan addımlardan biri olmalıdır.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer “X” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı video-müraciətdə belə deyib.

Böyük Britaniya hökumətinin başçısının sözlərinə görə, London ən yaxın müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə atəşkəsə nail olmaq üçün yollar axtarır. Bu zaman söhbət praktik həllərə söykənən tənzimlənmə prosesindən gedir.

“Bu yol çox ehtiyac duyulan atəşkəsin davamlı sülhə çevrilməsini təmin etmək üçün konkret addımları müəyyənləşdirəcək. Fələstin dövlətinin tanınması bu addımlardan biri olmalıdır. Mən bu məsələdə birmənalı mövqe tuturam”, - Kir Starmer vurğulayıb.

Xatırladaq ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının bu ilin sentyabrında keçiriləcək iclasında Parisin Fələstin dövlətini rəsmən tanımağı planlaşdırdığını bəyan edib. Siyasətçinin sözlərinə görə, hazırda Qəzza zolağında döyüşlərə son qoymağa və mülki şəxslərə yardım göstərməyə “təcili ehtiyac” var.

Lakin Makronun Fələstin dövlətini tanımaq planını “ağılsızlıq” adalandıran ABŞ-nin Dövlət katibi Marko Rubio bu qərarın yalnız HƏMAS-ın təbliğatına xidmət etdiyini və dünyanı geri atdığını bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Starmer   Fələstin  



Xəbər lenti