Rusiyanın “Aeroflot” şirkəti haker hücumuna məruz qalıb | VİDEO

   Rusiyanın “Aeroflot” şirkəti haker hücumuna məruz qalıb    | VİDEO
  28 İyul 2025    Oxunub:487
Rusiya Federasiyasının Baş Prokurorluğu “Aeroflot” aviaşirkətinin informasiya sistemlərində baş vermiş irimiqyaslı nasazlığın məqsədyönlü haker hücumunun nəticəsi olduğunu rəsmən təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, Rusiya Baş prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumata görə, Moskva Regionlararası Nəqliyyat prokurorluğu “Şeremetyevo” hava limanında kiberhücum səbəbindən 80-dən çox reysin gecikməsi və 60-a yaxın reysin ləğv edilməsi ilə bağlı vəziyyəti xüsusi nəzarətə götürüb.

Prokurorluq araşdırmasının nəticələrinə əsasən, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 272-ci maddəsinin 4-cü hissəsi ilə (kompüter məlumatlarına icazəsiz müdaxilə) nəzərdə tutulmuş cinayət maddəsi üzrə cinayət təqibi başlanıb.

Bundan əvvəl hadisəyə görə məsuliyyəti “Cyberpartisans BY” “Silent Crow” haker qrupları öz üzərinə götürüb. Onlar açıqlamalrında bir il ərzində aviaşirkətin daxili şəbəkəsinə çıxış əldə etdiklərini bildiriblər. İddiaya görə, bu müddət ərzində onlar əsas korporativ sistemləri pozmağa və uçuş tarixçələri və müştərilərin şəxsi məlumatları da daxil olmaqla böyük həcmdə miqdarda məlumatları oğurlaya biliblər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Aeroflot   hakerlər  



Xəbər lenti