Der Spiegel: “Putinin ərazi iddiaları hələ 30 il əvvəl yaranıb”

      Der Spiegel:    “Putinin ərazi iddiaları hələ 30 il əvvəl yaranıb”
  01 Avqust 2025    Oxunub:1303
Almaniyanın diplomatik arxivlərində Rusiya prezidenti Vladimir Putinin Krıma, Ukraynanın şərqinə və Qazaxıstanın şimalına ərazi iddialarının hələ 1990-cı illərin ortalarında formalaşmağa başladığını göstərən sənədlər aşkarlanıb.
AzVision.az xəbər verir ki, Almaniya Xarici İşlər nazirliyinin materiallarına istinad edən “Der Spiegel” nəşri belə məlumat yayıb.

Arxiv materiallarına əsasən, 1994-cü il yanvarın 14-də Almaniyanın Sankt-Peterburqdakı ovaxtkı baş konsulu şəhər meri Anatoli Sobçakın birinci müavini vəzifəsini tutan Vladimir Putinin dediklərini qeydə alıb.

“Putin qətiyyətlə bəyan etdi ki, Krım, Ukraynanın şərqi və Qazaxıstanın şimalı heç vaxt Rusiya üçün yad olmayıb, bunlar həmişə Rusiya ərazisinin bir hissəsi olub”, - sənəddə deyilir.

Almaniyalı diplomatın şahidliyinə əsasən, rusların “milli heysiyyatı”na istinad edən Putin bildirib ki, “görünür, almanlar bunu anlamaqda çətinlik çəkirlər”.

Nəşrin yazdığına görə, bu arxiv sənədləri sübut edir ki, Putinin qonşu ölkələrə qarşı ərazi ambisiyaları 2014-cü ildə Krımın ilhaqından, Donbassda müharibənin başlamasından və 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğaldan xeyli əvvəl ortaya çıxıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   iddialar  



Xəbər lenti