Demokratlar Trampı Fələstini tanımağa çağırırlar

   Demokratlar Trampı Fələstini tanımağa çağırırlar
  04 Avqust 2025    Oxunub:1073
ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasına mənsub bir qrup üzvü Prezidenti Donald Tramp hökumətinə "Qərb müttəfiqlərinin (Fransa, Britaniya və s.) yolunu izləyərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımağa çağıran məktub imzalayıb.
"Axios" xəbər saytının öz mənbələrinə istinadən yaydığı məlumata görə, indiyədək 13 üzvün imzaladığı məktubu keçən həftə kaliforniyalı nümayəndə Ro Kanna irəli sürüb. Məktubda vurğulanır ki, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri aparılan müharibə "dünyaya Fələstinin öz müqəddəratını təyin hüququnu tanımağın vacibliyini açıq-aydın göstərir".

"Bu məsələ çoxdan öz həllini tapmalı idi. ABŞ Fransa, Britaniya və digər dövlətlərin Fələstini rəsmən tanımaqla əlaqədar vədlərini diqqətdə saxlayır. Başqa ölkələrin, o cümlədən ABŞ hökumətini də oxşar addım atmağa çağırırıq", - məktubda deyilir.

Eyni zamanda, məktubu imzalayanlardan biri, texaslı nümayəndə Al Qrin sayta açıqlamasında söyləyib ki, yaxın gələcəkdə Nümayəndələr Palatasında "Fələstinin mövcudluq hüququnu təsdiqləyən" qətnamə irəli sürməyi planlaşdırır.
Kanada da Fələstini tanıyacaq

Xatırladaq ki, ötən günlərdə Fransa, Britaniya və Kanada Fələstinin müstəqil dövlət statusunu tanıyacağını diqqətə çatdırıb. Britaniya mətbuatı həmçinin Baş nazir Kir Starmerin Fələstin Muxtariyyətinin rəsmi dövlət kimi tanınmasını da nəzərdə tutan sülh planı üzərində işlədiyi barədə məlumat yayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   demokratlar   Fələstin   çağırış  



Xəbər lenti