Suriyada silahlı toqquşma yaşanıb

Suriyada silahlı toqquşma yaşanıb
  04 Avqust 2025    Oxunub:790
Əsasını terrorçu PKK-ya daxil olan “xalq müdafiə dəstələri”nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Hələb vilayətinin Deyr-Hafer bölgəsində Suriya hökumətinin təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma olduğunu bildirib.
AzVision.az xəbər verir ki, SDQ-nin mətbuat xidmətinin məlumatına görə, bu gecə Suriya qüvvələrinin Əl-İmam kəndində kürd yaraqlılarının mövqelərinə hücumuna cavab olaraq SDQ atəş açıb və hücumu dəf edib. Döyüş təxminən 20 dəqiqə davam edib.

Suriyanın Müdafiə nazirliyi, öz növbəsində SDQ-ni avqustun 3-də Mənbic şəhəri yaxınlığındakı əl-Qayya bölgəsinə hücumda ittiham edib. Nazirliyin məlumatına görə, kürdlər bölgəni raket atəşinə tutub, nəticədə 4 hərbçi və 3 mülki şəxs yaralanıb.

Suriyadakı kürdlər silahı yerə qoymurlar | VİDEO
Xatırladaq ki, martın 10-da Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ilə SDQ komandiri Məzlum Abdi arasında kürd birləşmələrinin Suriya ordusuna daxil edilməsi barədə saziş imzalanıb.

Razılaşmaya əsasən, bu ilin sonuna qədər ölkənin şimal-şərqindəki bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları və neft-qaz yataqları Dəməşqin yeni administrasiyasının nəzarətinə keçməlidir.

Lakin proses çətinliklərlə üzləşib: iyulun 10-da danışıqların sonuncu raundu nəticəsiz başa çatıb. SDQ öz hərbi strukturunu saxlamaq və müstəqil qüvvə kimi Suriya ordusuna qoşulmaq istəyir. Bununla belə, rəsmi Dəməşq hakimiyyəti Suriyanın şimal-şərqinin tamamilə tabe olması tələbini qoyur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   SDQ   toqquşma  



Xəbər lenti