Amerika Ticarət Palatası Ermənistanla Azərbaycan arasında imzalanan tarixi sənədi alqışlayıb

Amerika Ticarət Palatası Ermənistanla Azərbaycan arasında imzalanan tarixi sənədi alqışlayıb
  12 Avqust 2025    Oxunub:1699
Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi sənədi məmnunluqla qarşılayır. Bu tarixi sənəd Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanğıcını qoyur.
Bu barədə Palatanın yaydığı bəyanatda qeyd olunub. Vurğulanıb ki, bu mühüm razılaşma təkcə uzunmüddətli sülhün təmin olunmasına deyil, həm də ticarət, investisiya və dayanıqlı iqtisadi artım üçün daha əlverişli mühitin formalaşmasına töhfə verəcək:

"Palata bu addımı regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq biznes əməkdaşlığı üçün yeni imkanların açılması baxımından mühüm hadisə kimi qiymətləndirir. Bu münasibətlə “AmCham Azərbaycan”, imzalanmış tarixi sənədin əldə olunmasında göstərdiyi rol və verdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarına və ABŞ Prezidenti Donald J. Trampa dərin minnətdarlığını ifadə edir. Palata, ABŞ-nin regionda sülhün, sabitliyin və rifahın təşviqinə sadiqliyini yüksək qiymətləndirir.

Sülh və sabitlik iqtisadi inkişafın əsas təməl daşlarıdır. Bu imzalanmış tarixi sənəd isə hər iki ölkə və bütün region üçün yeni imkanların qapısını açır. “AmCham Azərbaycan” bu uğurun əldə olunmasında beynəlxalq tərəfdaşların konstruktiv əməkdaşlığını yüksək dəyərləndirir".

Qeyd edək ki, 1996-cı ildə yaradılmış Azərbaycandakı Amerika Ticarət Palatası ölkənin ən böyük və nüfuzlu biznes assosiasiyalarından biridir. 270-dən çox üzv şirkəti ilə “AmCham”, biznes icması, Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlar arasında körpü rolunu oynayaraq əlverişli biznes mühitinin təşviqi və ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir

AzVision.az



Teqlər:



Xəbər lenti