MDB: "Sülh sazişini gözləyirik"

      MDB:    "Sülh sazişini gözləyirik"
  19 Avqust 2025    Oxunub:825
Müstəqil Dövlətlər Birliyi (MDB) belə qənaətdədir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sənədlər sülh sazişinin bünövrəsidir".
Bu sözləri MDB-nin Baş katibi Sergey Lebedev birliyə üzv dövlətlərin daimi səlahiyyətli Nümayəndələr Şurasının iclasından qabaq jurnalistlərə müsahibəsində söyləyib. O vurğulayıb ki, MDB ABŞ-Azərbaycan-Ermənistan birgə sülh bəyannaməsindən məmnundur.

"Necə ki bir vaxt Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin bağlanmasından məmnun idik, indi də sözügedən bəyannaməni alqışlayırıq. Bu, zənnimizcə, Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının birdəfəlik həlli və sülh sazişinin imzalanması yolunda mühüm mərhələdir", – Lebedev bildirib.

Baş katibin sözlərinə görə, sülh sazişi bu ölkələrin ərazisində MDB-nin ali orqanlarının tamhüquqlu iclaslarının keçirilməsinə də imkan yaradacaq.

"Beləliklə, ümidvaram ki, həm Azərbaycan, həm də Ermənistan birliyin fəaliyyətinə daha fəal qoşula biləcəklər", – o deyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: MBD   Azərbaycan   Ermənistan   sülh-sazişi  



Xəbər lenti