Zelenskinin “proporsional mübadilə” ideyası | VİDEO

   Zelenskinin “proporsional mübadilə” ideyası    | VİDEO
  19 Avqust 2025    Oxunub:468
Ukrayna prezidenti Volodimir Zelenski Amerika lideri Donald Tramp və avropalılarla görüşdə ərazi güzəştləri ideyasını dərhal rədd etməyib və “proporsional mübadilə” imkanlarını mümkün sayıb.
AzVision.az xəbər verir ki, mənəblərə istinadən belə məlumat yayan “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski “proporsional mübadilələri” nəzərdən keçirə biləcəyini deyib.

Bununla belə, Zelenski vurğulayıb ki, əhalini köçürmək və Ukraynanın əraziləri təslim etməsinə dair konstitusiya qadağalarından yan keçmək çətin olacaq.

Lakin digər KİV-lər Kiyevin əraziləri təhvil verməyə razı olmadığını və qoşunların Donbassdan çıxarılması müqabilində Putinin digər bölgələrdə cəbhə xəttinin dondurulması təklifindən imtina etdiyini vurğulayırlar.

Yeri gəlmişkən, Avropa liderləri də Ukrayna ərazilərinin təslim edilməsi məsələsində narazılıq sərgiləyirlər.

Böyük Britaniyanın “Financial Times (FT)” nəşri Ukrayna hökumətinin sənədinə istinadən Kiyevin ərazi güzəştləri nəzərdə tutan sazişləri qəbul etməyəcəyini diqqətə çatdırır.

Bundan əlavə, Kiyev Rusiya prezidenti Vladimir Putinin Ukrayna Silahlı qüvvələrinin Donbas ərazisindən çıxarılması müqabilində digər bölgələrdə cəbhə xəttinin dondurulması təkliflərini də rədd edir.

“Sənəddə deyilir ki, davamlı sülh Putinə güzəştlərə və hədiyyələrə deyil, gələcək təcavüzün qarşısını alacaq davamlı təhlükəsizlik sisteminə əsaslanmalıdır. Lakin iclasın özündə ərazilər məsələsi müzakirə olunmayıb”, - qəzet yazır.

Nəşrin istinad etdiyi bir avropalı məmurun dediyinə görə, Avropa İttifaqı (Aİ) liderləri Trampın
“Bu Ukraynanın işidir” sözlərindən məmnun qalıblar.

Vaşinqton görüşündən sonra Ukrayna prezidentinin özü ərazi məsələsinin Moskva ilə Kiyev arasında həll olunacağını açıqlayıb.

Avropanın yanaşması
Avropa liderləri də Kiyevin ərazi güzəştlərinə qarşı çıxıblar. “WSJ”-nin iddiasına görə, Ukraynanın ərazi itkilərinin miqyasını Donald Trampa təsvir edərkən, onlar Moskvanın bütün Donbassın verilməsi şərtini Vaşinqtondan ABŞ prezidentinin kiçik vətəni olan ştatdan imtinası tələbi ilə müqayisə ediblər.

- Ukraynanı bu addımı atmağa məcbur etmək olmaz. Ərazilərin təslim olmasını ABŞ-nin Florida ştatından imtina etməsi ilə müqayisə oluna bilər”, - Almaniya kansleri Fridrix Merts deyib.

Eyni zamanda Fridrix Merts Ağ Evdəki görüşün onun gözləntilərini üstələdiyini və Brüssel kimi Vaşinqtonun da Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu müsbət məqam olduğunu bildirib.

“Qapalı görüşdə Finlandiya prezidenti Aleksandr Stubb Ukraynanın şərqindəki Kramatorsk və Slavyansk şəhərlərini “hunnlara qarşı qalalar” adlandırıb. Rəsmilərin dediyinə görə, bu təsvir, böyük ehtimalla, Trampdsa güclü təəsürat yaradıb”, – qəzet vurğulayır.

WSJ: “Vaşinqton Kiyevə təzyiq göstərə bilər”
“WSJ”, eyni zamanda, kəşfiyyat məlumatlarının mübadiləsindən istifadə edən ABŞ-nin Ukraynanı xoşagəlməz razılaşmanın qəbul olunmasına inandıra biləcəyi iddiasını da irəli sürüb.

“FT” nəşrinin də yazdığına görə, Tramp, Zelenski və avropalılar arasında görüş çoxlarının gözlədiyindən yaxşı keçib. Bununla belə, Aİ liderləri və Kiyev təfərrüatları işləyib hazırlamaq və onlar üçün əlverişsiz nəticədən qaçmaq üçün sülh sazişinin bağlanmasını ləngitmək niyyətindədirlər.

“Tramp mümkün qədər tez bir razılaşma əldə etməyə çalışdığı halda, Kiyev və onun tərəfdarları vaxt udmaq istəyəcəklər. Avropa Kiyevin Rusiya və Ukrayna arasında razılaşma üçün ilkin şərt kimi əraziləri təhvil verməsi ideyasına qarşıdır. Əvəzində Aİ liderləri diqqəti təhlükəsizlik zəmanətlərinə yönəltmək istəyirlər”, - qəzetdə dərc olunan materialda bildirilir.

Vaşinqton nədən narazıdır?
Bir sıra media resursları Ukraynanın Kiyevin mövqeyindən narazı olduğunu yazırlar.

- Amerika hakimiyyəti Rusiyanın Kiyevə Donbassdan imtina etmək təklifini ABŞ-nin Ukrayna üçün qazana bildiyi yaxşı şans kimi qiymətləndirir”, - “Politico” nəşri qeyd edir.

Amerikalı məmurlardan birinin sözlərinə görə, Tramp administrasiyasının fikrincə, Ukrayna torpaqlardan imtina etməlidir, çünki “onsuz da onu itirəcək, sonra isə daha heç bir güclü kartı olmayacaq”.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   ərazilər  



Xəbər lenti