Zelenski Rusiyanın hücumuna kəskin reaksiya verib | VİDEO

   Zelenski Rusiyanın hücumuna kəskin reaksiya verib    | VİDEO
  20 Avqust 2025    Oxunub:675
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukrayna bölgələrinə gecə hücumlarına münasibət bildirərək, Qərbi Moskvaya qarşı sanksiyaları gücləndirməklə onlara cavab verməyə çağırıb.
AzVision.az xəbər verir ki, Zelenski Sumı vilayətində 14 nəfərin (üç uşaq da daxil olmaqla) yaralanması ilə nəticələnən zərbələrdən, həmçinin Donetsk vilayətinin Kostyantinovka şəhərinin bombalanmasından, 5 yaşayış binasının zədələndiyi və ən azı 3 nəfərin dağıntılar altında qalmasına diqqət çəkib.

“Odessa vilayətində qazpaylayıcı stansiyaya da iyrənc hücum olub. Çerniqov, Xarkov və Poltava vilayətlərini də atəşə tutublar. Ümumilikdə 60-dan çox PUA və bir ballistik raket atılıb. Bütün bunlar nümayişkaranə zərbələrdir ki, bu da Moskvaya təzyiq göstərmək zərurətini, diplomatiya tam gücü ilə işə başlayana qədər yeni sanksiyalar və rüsumların tətbiqinin zəruriliyini təsdiqləyir”, - Ukrayna prezidenti vurğulayıb.

Avqustun 20-nə keçən gecə Rusiya Odessa vilayətinin İzmail rayonuna pilotsuz uçuş aparatları ilə hücum edərək liman infrastrukturuna və istehsalat obyektlərinə ziyan vurub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücumun hədəfi zərbələr nəticəsində böyük yanğının baş verdiyi yanacaq-energetika infrastrukturu obyekti olub.



Bundan əlavə, Rusiya ilə sərhədə yaxın Sumı vilayətinin Axtırka şəhəriniin kütləvi atəşə tutulması nəticəsində uşaqlar da daxil olmaqla 12 nəfərin yaralandığı barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Xatırladaq ki, avqustun 18-nə keçən gecə isə Rusiya ordusunun Odessa vilayətinə kütləvi hücumu Azərbaycanın SOCAR şirkətinin obyektlərinin alovlanmasına səbəb olub.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:



Xəbər lenti