Qızıl qaçaqmalçılığı on milyardlarla dollar təşkil edir

Qızıl qaçaqmalçılığı on milyardlarla dollar təşkil edir
  21 Avqust 2025    Oxunub:1152
Bu qiymətli metalın qiymətlərinin artması fonunda qeyri-qanuni qızıl hasilatı və qaçaqmalçılıq cinayətkar qruplara ildə on milyardlarla dollar gəlir gətirir.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, son on ildə qızılın qiyməti 3 dəfə, 2025-ci ilin əvvəlindən isə 25% artıb ki, bu da investorları bu metala fəal şəkildə sərmayə qoymağa həvəsləndirir. Belə şəraitdə cinayətkarlar qanunsuz mədən hasilatı və qaçaqmalçılığı artıraraq külli miqdarda pul qazanırlar.

“SwissAid” təşkilatının hesablamalarına əsasən, təkcə 2022-ci ildə Afrikadan qaçaqmalçılıq yolu ilə 31 milyard dollar dəyərində 435 ton qızıl çıxarılıb ki, bu da on il əvvəlkindən iki dəfə çoxdur. Perunun maliyyə tənzimləyicisinin fikrincə, qeyri-qanuni qızıl ixracı 2024-cü ildə ölkənin ümumi ixracının 40%-dən çoxunu təşkil edəcək ki, bu da 15 milyard dollar deməkdir.

“Cənubi Amerikada cinayətkar dəstələr narkotikdən daha çox qızıldan pul qazanır və qızıl yataqları uğrunda mübarizə rəqabət aparan mütəşəkkil cinayət qrupları arasında onlarla qətllə müşayiət olunur”, - “Amazon Underworld” platformasının hesabatında vurğulanır.

Qızıl bazarı hansı sürprizi hazırlayır?
Çoxsaylı silahlı qarşıdurmaların yaşandığı, dövlət strukturları zəifləmiş istehsala və ixracata nəzarət edə bilməyən Afrika ölkələrində cinayətkar qruplar atılmşı mədənləri ələ keçirərək yerli sakinləri və miqrant işçiləri orada işləməyə məcbur edirlər.

Eyni zamanda, ekspertlər bildirirlər ki, qeyri-qanuni hasil edilən qızılın əksəriyyəti emal prosesindən sonra qiymətli metalın mənşəyi bəlli olmayan ən böyük ticarət platformalarına düşür.

- Biz Sudana getmirik, orada qızıl alıb, sonra satmırıq. Böyük topdansatış bazarına gedirik, pul verib qızıl alırıq”, - Dubaydakı zərgərlik alverçilərindən biri “Financial Times” qəzetinə deyib.

Xatırladaq ki, bundan əvvəl “UBS Global Wealth Management” agentliyi qızılın məzənəsinin bu ilin sonuna kimi bir troya unsiyası üçün 3500 dollara çata biləcəyini, gələn il isə daha yüksək həddə çatacağını proqnozlaşdırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   qızıl   qaçaqmalçılıq  



Xəbər lenti