Zalujnı Vensin zənginə məhəl qoymayıb

Zalujnı Vensin zənginə məhəl qoymayıb
  25 Avqust 2025    Oxunub:1018
Bu ilin fevralında Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp və vitse-prezident Cey Di Vens arasındakı qalmaqaldan üç gün sonra Ağ Evdən Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıya zəng olunub.
AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Vens, onu və Tramp administrasiyasının digər rəsmilərini “Zelenskiyə alternativlər” haqqında düşünməyə vadar edən Oval kabinetdəki mübahisəsinin yaranmasında mühüm rol oynayıb.

Nəşr xatırladır ki, bəzi Amerika rəsmiləri, o cümlıədən də respublikaçı-senator Lindsi Qrem həmin hadisədən sonra açıq şəkildə Ukrayna liderini istefa verməyə çağırıblar.

“Vensin komandası Ukrayna Silahlı qüvvələrinin keçmiş komandanı Valeri Zalujnı ilə əlaqə saxlamaq üçün çoxlu sayda diplomatik və digər kanalları sınayıb. Zalujnı Zelenskinin aparat rəhbəri ilə məsləhətləşdikdən sonra zəng vurmaqdan imtina edib”, - qəzet yazır.

Jurnalistlərin iddiasına görə, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Zalujnı ilə tez-tez əlaqə saxlayıb. Mənbə bildirib ki, keçən ilin noyabrında Yermak Zalujnıya gələcək potensial seçkilər ərəfəsində vahid cəbhə yaratmaq üçün rəsmi şəkildə Zelenskinin siyasi komandasına qoşulmağı təklif edib.

Lakin bu təklifdən boyun qaçıran Zalujnı müharibə bitməyənə qədər prezident Volodimir Zelenskini tənqid etməyəcəyini bildirib. Zalujnı Yermaka söz verib ki, əgər siyasətə getmək istəsə, bunu şəxsən onun özündən eşidəcək.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Vens   Zalujnı   zəng  



Xəbər lenti