Vitkof: "Müharibəni ilin sonunadək dayandırmaq istəyirik"

    Vitkof:    "Müharibəni ilin sonunadək dayandırmaq istəyirik"
  27 Avqust 2025    Oxunub:894
"ABŞ Ukraynadakı münaqişənin bu ilin sonunadək qurtarılması üçün çalışır".
Bu sözləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Ağ Evdə keçirilən iclasda dilə gətirib. O diqqətə çatdırıb ki, dünyadakı bir çox qaynar nöqtələr Vaşinqtonun nəzərindədir.

"Rusiya və Ukrayna, İran, İsrail və HƏMAS – bütün bu münaqişələrlə əlaqədar bu həftə görüşlər keçirdik. Ümidvarıq ki, cari ilin axırınadək hər biri öz həllini tapacaq", – xüsusi nümayəndə deyib.
Vitkof: "Putin Alyaskada güzəştə getdi" | VİDEO

Xatırladaq ki, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Tramp arasında görüş baş tutub. Tərəflər əsas etibarilə Ukrayna böhranının həlli istiqamətində danışıqlar aparıb, eyni zamanda, bir sıra digər məsələyə da toxunublar. Avqustun 18-də isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir sıra Avropa lideri məsələ ilə əlaqədar Ağ Evdə Donald Trampın qəbuluna gediblər.

Digər tərəfdən, Donald Trampın Rusiyaya mümkün səfəri də hazırda gündəmdədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin "Rossiya 24" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, Alyaskada mətbuat konfransında Prezident Vladimir Putin həmkarını Rusiyaya səfərə çağırıb. Donald Tramp "belə bir səfərin çox maraqlı alınacağını" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   danışıqlar  



Xəbər lenti