Ukrayna Rusiyaya cavab zərbələri endirib | VİDEO

   Ukrayna Rusiyaya cavab zərbələri endirib    | VİDEO
  28 Avqust 2025    Oxunub:638
Ukrayna PUA-larının hücumları nəticəsində Rusiyanın Krasnodar diyarı və Samara vilayətində iki neft emalı zavodunda partlayışlar və yanğınlar baş verib.
AzVision.az xəbər verir ki, regional əməliyyat qərargahının məlumatına görə, Krasnodar diyarında Afipski neft emalı zavodunun ərazisində yanğın olub. Zavodun qurğularından biri PUA qalıqlarının düşməsi nəticəsində alovlanıb. Yanğının sahəsi 20 kvadratmetr olub. İnternetdə neft emalı zavodunda baş verən yanğını əks etdirən vide-materiallar yayılıb.


Samara vilayətində isə, Kuybışevdəki neft emalı zavodunda yanğın baş verib. Bu barədə Rusiyanın Teleqram-kanalları məlumat yayıb. Şahidlərin yayımladığı video-materiallarda zavodun üstündən qalın qara tüstü qalxdığı görünür. Yerli hakimiyyət zavoda hücumla bağlı məlumatı şərh etməyib.

Rusiya Kiyevə zərbələr endirib: ölənlər arasında uşaqlar var | VİDEO
Eyni zamanda, avqustun 28-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın digər bölgələrinə də hücum edib. Hücum nəticəsində Volqoqrad vilayətində Petrov Val şəhərində lokomotiv deposunda yanğın baş verib, qatarların hərəkəti dayandırılıb.

Rostov vilayətinin Mankovo-Kalitvenskoye kəndində PUA-nın qalıqları fərdi yaşayış evinin damına düşüb və elektrik naqillərini zədələyib. Damda ilişib qalmış döyüş başlığının partlama riski ilə əlaqədar 89 nəfər - bu və 50 qonşu evin sakinləri təxliyə edilib.

Rusiyanın Müdafiə nazirliyinin yaydığı məlumatda hava hücumundan müdafiə qüvvələrinin gecə ərzində ölkənin regionları üzərində 102 PUA, o cümlədən Rostov və Samara vilayətlərində 21, Krasnodar diyarında 18 və Volqoqrad vilayətində iki pilotsuz təyyarə vurduğu bildirilir.


Xatırladaq ki, bu gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi hava zərbələri nəticəsində ikisi uşaq olmaqla 12 nəfər həlak olub, 48 adam isə yaralanıb.

Son vaxtlar iki ölkənin bir-birinin ərazilərinə endirdiyi qarşılıqlı zərbələri dayandırmaması Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı səylərin müsbət nəticə verəcəyinə ümidləri puça çıxarır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Rusiya   zərbələr  



Xəbər lenti