London israilli məmurlara qadağa tətbiq edib

London israilli məmurlara qadağa tətbiq edib
  29 Avqust 2025    Oxunub:1457
Böyük Britaniya hökuməti İsrail nümayəndələrinin Londonda keçirilən DSEI əsas beynəlxalq müdafiə sənayesi sərgisində iştirakına qadağa qoyub.
AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb.

“İsrail hökumətinin Qəzzada hərbi əməliyyatları daha da gücləndirmək qərarı yanlışdır. Nəticədə, biz təsdiqləyə bilərik ki, İsrail hökumətinin heç bir nümayəndə heyəti “DSEI UK 2025”-də iştiraka dəvət edilməyəcək”, - Böyük Britaniya hökumətinin təmsilçisi deyib.

Btitaniyalı məmur bildirib ki, dərhal diplomatik həll yolu tapmaq, müharibəni dayandırmaq, atəşkəsə nail olmaq, girovları qaytarmaq və Qəzza xalqına humanitar yardımı artırmaq lazımdır.

- Son aylar İsrailin baş naziri Binyamin Netanyahuya təzyiqi tədricən artıran London, onu atəşkəsə çağırıb. Netanyahu siyasət kursunu dəyişməkdən imtina edərsə, London Fələstin dövlətini tanıyacağını bildirib”, - “Politico” nəşri xatırladır.

Materialda qeyd edilir ki, qərardan xəbəri olan rəsmilər İsrail tərəfinin qadağa barədə əvvəlcədən məlumatlandırıldığını bildiriblər. Eyni zamanda, İsrail işğal altında saxladığı Fələstin ərazilərində beynəlxalq humanitar hüquqa əməl etdiyini sərgiləsə, bu qadağa ləğv oluna bilər.

Böyük Britaniya hökumətinin qərarı iyun ayında “Paris Aviasiya Sərgisində” İsrail şirkətlərinə bəzi silahları nümayişdən çıxarmaq əmri verildiyi, lakin bundan imtina etdiyinə görə yaşanan qalmaqalın məntiqi davamı kimi qiymətləndirilir.

“DSEI” sərgisinin təşkilatçıları məsəslə ilə bağlı şərh verməkdən imtina edib. İsrailin Londondakı səfirliyi də “Politico” nəşrinin bu barədə şərh sorğusuna cavab verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   İsrail   qadağa  



Xəbər lenti