Senator: "Hizbullah" razılaşmasa, hərbi əməliyyat qaçılmazdır"

      Senator:    "Hizbullah" razılaşmasa, hərbi əməliyyat qaçılmazdır"
  29 Avqust 2025    Oxunub:1126
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı özünün silahsızlaşdırılmasına razılıq verməsə, hərbi əməliyyatla üzləşəcək".
Bu sözləri ABŞ senatoru Lindsi Qrem İsrailin Tel-Əviv şəhərində keçirdiyi mətbuat konfransında dilə gətirib. O, dünən Livana baş çəkdiyini xatırladaraq belə bəyanat səsləndirib. Diqqətə çatdırıb ki, məsələ sülh yolu ilə öz həllini tapmazsa, "B" planı, yəni hərbi variant işə salınacaq

"Əminəm ki, bu minvalda ABŞ də Livan Silahlı Qüvvələrini dəstəkləməyə maraqlıdır", – senator vurğulayıb.

Xatırladaq ki, Livan hökuməti yaxın günlərdə "Hizbullah"ın silahsızlaşdırılması ilə əlaqədar planını açıqlayacaq. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak avqustun 26-da Livan Prezidenti ilə görüşün yekununda söyləyib ki, gözlənilən planda terrorçuları "razı salmaqdan ötrü" hər hansı hərbi əməliyyat nəzərdə tutulmur.
Səfir: "Livan plan açıqlayacaq"

"Rəsmi Beyrut bu məsələnin həllini tamamilə danışıqlar yolu ilə tapmağa çalışır", – səfir deyib.

Ötən həftə "Hizbullah" lideri Nəim Qasım Livan hökumətini hədələyərək belə bir addımdan çəkinməyə çağırıb, əks təqdirdə, ölkənin ağır nəticələrlə üzləşəcəyini diqqətə çatdırıb. Digər tərəfdən, İsrail tərəfi bəyanat yayıb ki, Livan "Hizbullah"ı silahsızlaşdıra bilsə, bu ölkənin cənubundan tədricən çəkiləcək.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Livan   Hizbullah   İsrail   münaqişə   danışıqlar  



Xəbər lenti