İsrail ordusunun əməliyyatı iflasa uğrayıb?

   İsrail ordusunun əməliyyatı iflasa uğrayıb?
  01 Sentyabr 2025    Oxunub:801
Qəzza zolağında “Gideonun döyüş arabaları” əməliyyatının nəticələri ilə bağlı İsrail ordusunun (ÇAXAL) daxili istifadə üçün nəzərdə tutulan sənədi jurnalistlərin əlinə keçib.
AzVision.az xəbər verir ki, İsrail Silahlı qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir keçən həftə əməliyyatın öz məqsədlərinə çatdığını açıqlamışdı.

Lakin “Keşet 12” telekanalının jurnalisti Amit Seqalın dərc etdiyi ÇAXAL-ın sənədində əməliyyatın uğursuz olduğu bildirilir.

“Qəzzada aparılan müharibə üsulları ÇAXAL-ın hərbi doktrinasına və HƏMAS-ın apardığı müharibənin xarakterinə uyğun gəlmirdi. HƏMAS-ın yaşaması və uğur qazanması üçün hər cür şərait var idi - resurslar, infrastruktur, uyğun taktikalar. Məqsədlərə - HƏMAS-ın siyasi və hərbi məğlubiyyəti, eləcə də girovların azad edilməsi (ya sövdələşmə çərçivəsində, ya da əməliyyat zamanı) əldə olunmadı”, - sənəddə vurğulanır.

İsrail ilin sonuna qədər döyüşəcək | VİDEO
Bununla belə, İsrail ordusunun nailiyyətləri də öz əksini tapıb: Qəzza zolağının perimetri üzrə və bəzi ərazilərdə HƏMAS infrastrukturunun tamamilə məhv olunması, yaraqlıların liderlərinin məhv edilməsi və bir neçə girovun cəsədlərinin qaytarılması.

Hesabatın müəllifləri uğursuzluğun səbəblərini bu amillərlə izah edirlər:

1. Mümkün sövdələşməni irəli sürmək üçün HƏMAS-ın tam məğlubiyyətindən daha çox mühafizə strategiyasının seçilməsi;
2. Humanitar yardımın planlaşdırılması və çatdırılmasında buraxılna səhvlər nəticəsində HƏMAS-a Qəza zolağında aclıqla bağlı effektiv təbliğat kampaniyasını aparmağa imkan verilməsi;
3. Eyni ərazilərə məcburi qayıdış;
4. Resursların olmaması və təhlükəsizliyə üstünlük verilməsi səbəbindən irəliləyişin ləng tempi;
5. Aydın vaxt çərçivlərinin olmaması;
6. Missiyanı başa çatdırmaqdansa, əsgərlərin həyatını xilas etməyə üstünlük verilməsi qoşun və texnikanın tükənməsi ilə nəticələnin.


Analitiklər HƏMAS-ın partizan müharibəsinə qarşı mübarizə taktikasını da səmərəsiz hesab ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ÇAXAL   Qəzza   iflas  



Xəbər lenti