Özbəkistan-Qırğızıstan sərhədində insident yaşanıb

Özbəkistan-Qırğızıstan sərhədində insident yaşanıb
  01 Sentyabr 2025    Oxunub:1229
İki Qırğızıstan vətəndaşı qonşu ölkə ilə sərhəddə onları saxlamağa cəhd edən Özbəkistan sərhədçiləri tərəfindən güllələnib.
AzVision.az xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bununla bağlı məlumat yayıb.

Avqustun 25-də Qırğızıstanın hüquq-mühafizə orqanlarına Çatkal rayonunun Ayğır-Jal kəndinin iki sakininin itkin düşməsi barədə məlumat daxil olub

Üç gün sonra Özbəkistan sərhəd xidməti xəbər verib ki, avqustun 15-də onların sərhəd xidməti Özbəkistan, Qırğızıstan və Qazaxıstan sərhədlərinin kəsişdiyi ərazidə iki naməlum şəxsi aşkarlayıb.

Özbəkistan tərəfinin məlumatına görə, həmin şəxslər saxlanılarkən əmrə tabe olmayıb, bundan sonra sərhədçilər onlara atəş açıb. Hər iki şəxs aldığı yaralardan dünyasını dəyişib.

Onların cəsədləri yalnız bu gün, sentyabrın 1-də Qırğızıstana təhvil verilib və müayinə olunmaq üçün Kerben şəhərinin morquna aparılıb. Sərhəd qurumlarının rəhbərləri sentyabrın 2-də hadisə yerində birgə araşdırma başlanması barədə razılığa gəliblər.

Xatırladaq ki, 2022-ci il mayın 5-də Özbəkistan sərhədçiləri Cəlal-Abad vilayətinin Dobo-Korqon rayonunda üç Qırğızıstan vətəndaşını güllələyiblər. Elə həmin ilin aprelində özbək sərhədçiləri dayandırmaq tələbinə məhəl qoymayan qaçaqmalçılara atəş açıb, nəticədə iki nəfər həlak olub.

2024-cü ilin mayında isə Qırğızıstan sərhədçiləri ilə Tacikistandan olan çobanlar arasında odlu silahdan istifadə ilə bağlı insident yaşanıb - təsdiqlənməmiş məlumatlara görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Özbəkistan   Qırğızıstan   sərhəd  



Xəbər lenti