Avropa Bakı ilə İrəvan arasında razılaşmanı dəstəkləyir

   Avropa Bakı ilə İrəvan arasında razılaşmanı dəstəkləyir
  04 Sentyabr 2025    Oxunub:1099
Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi dinc inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi firavanlığa yaxınlaşmasına kömək edəcək.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Avropa Şurasındakı (AŞ) nümayəndəliyinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bağlı bəyanatında belə deyilir.

Sənəddə bildirilir ki, avqustun 8-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə imzalanan sənəd uzun müddətdir davam edən münaqişəyə son qoyulması istiqamətində mühüm irəliləyiş olub.

“Aİ sülh müqaviləsinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etməyi vacib sayır. Sazişin mətni üzrə ikitərəfli danışıqların ötən ilin martında başa çatdırılması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır”, - bəyanatda vurğulanır.

Aİ beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə, sonrakı addımların praktiki həyata keçirilməsi üçün dəstək və təcrübə təqdim etməyə hazır olduğunu təsdiqləyib.

Bəyanata Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulublar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan    



Xəbər lenti