Rusiyanın Soçi şəhəri PUA hücumuna məruz qalıb

Rusiyanın Soçi şəhəri PUA hücumuna məruz qalıb
  09 Sentyabr 2025    Oxunub:890
Sentyabrın 9-na keçən gecə Ukrayna pilotsuz təyyarələri Rusiyanın Krasnodar diyarına hücum edib. Vurulan PUA-lardan birinin qalıqları Soçi şəhərinin Adler rayonunda avtomobilin üzərinə düşüb.
AzVision.az Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin açıqlamasına istinadən xəbər verir ki, avtomobilin sürcüsü həlak olub. İlkin məlumatlara görə, altı fərdi evin fasadları, damları və hasarları zədələnib.

Soçi şəhərinin meri Andrey Proşunin sakinlərə gecə saat 3-də pilotsuz təyyarə basqını ilə bağlı xəbərdarlıq edib, onları təhlükəsiz yerə sığınmağa və hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyətinin foto-videosunu çəkməməyə çağırıb.

Hücum fonunda Soçi hava limanı səhər saat 3-də bağlanıb. Yerli sakinlər “Shot” Telegram-kanalına şəhər üzərində yalnız bir güclü partlayış eşidildiyini deyiblər.

Rusiya Müdafiə nazirliyinin hesabatına əsasən, ötən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 31 təyyarə tipli pilotsuz uçan aparat vurulub. Bunlardan 15-i Qara dəniz, 7-si Belqorod, 3-ü Kursk, biri isə Tambov və Voronej vilayətləri üzərində vurulub. İki pilotsuz təyyarə Krasnodar diyarı, daha ikisi isə ilhaq olunmuş Krım yarımadası səmasında məhv edilib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Ukrayna   Soçi   hücum  



Xəbər lenti