Amerikalı konqresmenlər Çinə gedəcəklər

 Amerikalı konqresmenlər Çinə gedəcəklər
  10 Sentyabr 2025    Oxunub:814
ABŞ Nümayəndələr Palatasının bir qrup konqresmeni 2019-cu ildən bəri ilk dəfə Çinə səfər etməyi planlaşdırır. Səfərin sentyabr ayında baş tutacağı gözlənilir.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin üzvü və Çinə gedəcək nümayəndə heyətinin rəhbəri Adam Smit “NBC News” telekanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, səfərdə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin həm Demokratlar, həm də Respublikaçılar partiyalarının nümayəndələri iştirak edəcəklər.

“Mənim əsas mesajım odur ki, bizə dialoq və ünsiyyət lazımdır. Çinin getdikcə daha az danışdığımız böyük bir güc olmasından çox narahatam. ABŞ və Çin fikir ayrılıqlarını həll etmək üçün bir yol tapmalıdırlar və tərəflər arasında dialoq olmadığı halda bu, mümkün deyil. Düşünürəm ki, belə görüşlər tez-tez, müntəzəm şəkildə keçirilməlidir”, - Adam Smit vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyətinin Çinə sonuncu səfəri 2019-cu ildə baş tutub. 2020-ci ildə Honq-Konqdakı etirazlara görə Pekinlə münasibətlərin pisləşməsi fonunda Donald Tramp administrasiyası Tayvanla əlaqələri və mübadilələri əhəmiyyətli dərəcədə artırdı ki, bu da Çin hakimiyyətinin narazılığına səbəb olub.

Bununla belə, 2023-cü ildə isə ABŞ Konqresinin yuxarı palatası - Senatın nümayəndə heyəti Çinə səfər edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Çin   konqresmenlər  



Xəbər lenti