Vaşinqton Minsklə əlaqəni canlandırır

   Vaşinqton Minsklə əlaqəni canlandırır
  11 Sentyabr 2025    Oxunub:1113
ABŞ Belarusun paytaxtı Minsk şəhərində yenidən səfirlik açmağı planlaşdırır.
Bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə məlumat verib. O diqqətə çatdırıb ki, Vaşinqton Belarusla münasibətlərini qaydasına salıb normallaşdırmağa, iqtisadi-ticari əlaqələr qurmağa maraqlıdır.

"Ölkələrimiz arasında hər hansı fikir ayrılığı varsa, onları şişirtməyə ehtiyac yoxdur. Prezident Donald Tramp münasibətlərimizin normallaşması üçün səy göstərməyə hazırdır", – diplomat vurğulayıb.

O, Minskdə səfirliyin açılmasının təqribi tarixini söyləməsə də, bildirib ki, bu, "yaxın gələcəkdə" həyata keçiriləcək.

"Səfirlik məsələsi danışıqlar prosesinin bir hissəsidir. Bu minvalda lazımi işlər aparılacaq", – Con Koul deyib.

Xatırladaq ki, 2022-ci ilin fevralında Dövlət Departamenti Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar ABŞ diplomatlarını Belarusdan çıxarmış, Minskdəki səfirliyin fəaliyyətini dayandırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Belarus   səfirlik   əlaqələr  



Xəbər lenti