Məhkəmə: “Saakaşvili və Canaşiya 3 milyon dollar ödəməlidir”

   Məhkəmə:    “Saakaşvili və Canaşiya 3 milyon dollar ödəməlidir”
  29 Sentyabr 2025    Oxunub:1077
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və onun keçmiş Təhlükəsizlik rəisi Teymuraz Canaşiyanın hakimiyyət dövründə mənimsəmələrə görə dövlət xəzinəsinə 9 milyon lariyə qədər (3 milyon dollardan çox) ödəməsinə qərar verib.
AzVision.az Gürcüstanın “İnterpressnyus” agentliyinə istinadən xəbər verir ki, hakim Aleksandr Qzirişvili belə verdikt çıxarıb.

“Müvafiq iddianı Gürcüstanın Maliyyə nazirliyi qaldırıb. Nazirliyin iddiasına görə, Saakaşvili və Canaşiya 2025-ci ilin martında təqribən 9 milyon lari mənimsəməkdə təqsirli bilindiyi üçün bu pullar xəzinəyə qaytarılmalıdır”, - agentlik yazır.

Saakaşvili və Canaşiyaya qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci və 3-cü hissələri, yəni bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olaraq külli miqdarda pul vəsaitlərinin qanunsuz mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb.

Xatırladaq ki, Mixeil Saakaşvili 8 il müddətinə azadlıqdan məhrum edilib, Teymuraz Canaşiya isə 300 min lari məbləğində cərimələnib. Bundan sonra dövlət onlara qarşı oğurlanmış pulun, yəni ümumi məbləği 9 milyon larinin qaytarılması üçün məhkəmədə mülki iddia qaldırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saakaşvili   Canaşiya   milyonlar  



Xəbər lenti