Messi və Yamal: Haradan hara - Bir şəklin tarixçəsi

      Messi və Yamal:    Haradan hara -    Bir şəklin tarixçəsi
  16 İyul 2026    Oxunub:809
Bu foto 2007-ci ilin sentyabrında çəkilib. O zaman 20 yaşlı Lionel Messi "Barselona"nın xeyriyyə fotosessiyasında iştirak edirdi. Fotoların dərc olunacağı təqvimin satışından əldə olunacaq gəlirlər YUNİSEF-in və klubun sosial layihələrinə yönəldilmək üçün nəzərdə tuutulmuşdu.
Fotosessiya zamanı argentinalı futbolçudan bir körpə ilə şəkil çəkdirməsi və onu çimdirməyə kömək etməsini xahiş edirlər. Fotoqraf Joan Monfortun xatirələrinə görə, Messi uşağı necə düzgün tutacağını bilmədiyi üçün bir az çaşqınlıq yaşayıb, lakin körpə sakit durub və hətta Messiyə gülümsəyib.

Həmin körpə İspaniya futbolunun gələcək vunderkindi Lamin Yamal idi.

Yamalın ailəsi xeyriyyə təşkilatları ilə əməkdaşlıq edənlər arasında keçirilən lotereya sayəsində bu fotosessiyaya qatılmaq imkanı qazanmışdı. Onlar "Kamp Nou" stadionuna səfər və "Barselona"nın oyunçularından biri ilə fotoşəkil çəkdirmək şansı əldə etmişdilər. Üstəlik, bəxtlərinə kimin düşəcəyini əvvəlcədən bilmirdilər. Messi püşkatma nəticəsində onların şansına çıxmışdı.


Şəkillər stadionun soyunub-geyinmə otağında çəkilib, balaca Lamin isə anası ilə birlikdə olub.

Təqvim işıq üzü görəndən sonra bu fotoşəkillər demək olar ki, hamının yadından çıxmışdı. Hətta fotoqrafın özü də uzun müddət şəkillərindəki körpənin "Barselona"nın və İspaniya millisinin ulduzu olmasından xəbərsiz idi.

Hər şey 2024-cü ilin yayında, Laminin atasının bu fotonu sosial şəbəkələrdə paylaşması ilə dəyişdi. Şəkil bütün dünyaya yayıldı, xüsusən də 16 yaşlı Yamalın İspaniyaya titul qazanmaqda kömək etdiyi Avropa çempionatındakı parlaq çıxışı fonunda.

İndi isə bu hekayə yeni bir davam qazanıb. Həmin təsadüfi görüşdən təxminən 19 il sonra Messi və Yamal dünya çempionatının finalında, artıq öz milli komandalarının əsas oyunçuları kimi bir-birinə qarşı oynayacaqlar.

Həyat qəribə və maraqlıdır...

Samir Quliyev
AzVision.az


Teqlər: Futbol   DÇ2026  



Xəbər lenti