İŞİD Yaponiyaya niyə `ilişdi?`

İŞİD Yaponiyaya niyə `ilişdi?`
  06 Fevral 2015    Oxunub:4333
`Yaponiya geosiyasi hücuma keçir` adlı yazıda da qeyd etdiyimiz kimi, 2014-cü ildə qəbul edilən dəyişikliklərdən sonra rəsmi Tokio hərbi büdcəsini 42 milyard dollara çatdırdı. Yaponiya hökuməti rekord həcmdə hərbi büdcə layihəsi qəbul edərək, xərcləri 2,8% artırdı. Ardınca pilotsuz təyyarələr, F-15 qırıcıları və digər hərbi texnika alacaqlarını açıqlayan Şinzo Abe hökuməti Tokionun hərbi siyasətində köklü dəyişikliyin baş verdiyini bildirdi.

Diqqət edin: Yaponiya Parlamenti yapon ordusunun ölkədən kənarda irimiqyaslı hərbi əməliyyatlarda iştirakı ilə bağlı qanun qəbul etdi, ardınca Yaponiyanın hərbi büdcəsi rekord həddə çatdırıldı. Ən önəmlisi isə, Şinzo Abe ərəb ölkələrində 6 günlük rəsmi səfərdə olarkən İŞİD-in nə vaxtsa girov götürdüyü yapon vətəndaşları məsələsi birdən-birə ortaya çıxdı. Burada diqqət çəkən odur ki, İŞİD-in 200 milyon dollar tələbi səfərdən öncə deyil, məhz, Yaponiyanın ərəb dövlətlərinə 2,5 milyard dollar humanitar yardım edəcəyi fikri səslənəndən sonra çıxış etməsi idi. Maraqlıdır ki, İŞİD girovlardan birini öldürdükdən sonra tələb etdiyi məbləği 200 milyondan 2 milyona endirdi. Bununla yanaşı, heç vaxt qoymadığı şərti irəli sürdü: 60 insanın qatili sayılan və hazırda İordaniyada həbsxanada saxlanılan Sacidə Rişavinin yapon girovun əvəzində azadlığa buraxılmasını istədi. Bunu nəzərə alan Yaponiya hökuməti İordaniya ilə rəsmi səviyyədə danışıqlara başladı. Baş Nazir Şinzo Abe terrora boyun əyməyəcəklərini və yapon girovun xilas olunması üçün əllərindən gələni edəcəklərini bildirirdi.

Ssenari Tokionundur, yoxsa Vaşinqtonun?

Yaponiya baş nazirinin Şərqə baş tutan rəsmi səfəri Çinin regiondakı maraqlarına ziddiyyət təşkil edir, lakin ABŞ-ın istəklərinə tam uyğundur. Baş Nazirinin ərəb dövlətlərinə 2,5 milyard dollar humanitar yardım edəcəyini bildirməsi, Misirə səfər zamanı çoxlu sayda yapon iş adamlarının da iştirak etməsi, hazırda da Misirdə 61 yapon şirkətinin 203 milyon dollar dəyərində kapitalının olması, o cümlədən, 360 milyon dollar kreditin verilməsi, ələlxüsus, Yaponiyanın İŞİD-lə mübarizəyə 200 milyard dollar vəsait ayırması, əlbəttə ki, terrorizmə dəstək olan Çinin regiondakı maraqlarına açıq-aydın hədədir. 2000-ci ildə Afrika-Çin iqtisadi münasibətləri 10 milyon dollar idisə, bu rəqəm sürətlə artır. Sudan, Anqola, Zambiya, Qabon, Konqo ilə sıx iqtisadi əlaqələri olan Çin bölgədə imperializm siyasəti gercəkləşdirir. Afrikadan 28,7% neftlə özünü təmin edən Pekin digər ölkələrin Afrikaya satmadığı hər cürə silah-sursatı açıq-aşkar satmaqdadır.

Zimbabve və Sudana böyük məbləğdə kapital yatıran Çin Sudanı sürrətlə silahlandırır. Sudan neftinin yarısının əvəzində silah verən Çin, Anqoladan aldığı neftin 25%-nin qarşılığında 2 milyard dollar kredit ayırıb. Doğrudur, 1970-ci ildən Afrikadan gedən Çin, yenidən 1990-cı ildə bölgəyə geri qayıtdı. Mao Tze Dun dönəmində başladılan mədəniyyət diplomatiyası nəticəsində rəsmi Pekin Afrika qitəsindən 10.000 afrikalı gənci Çində oxudaraq, təkrarən geri göndərdi və beləliklə, siyasi məqsədləri üçün fundemental baza formalaşdırmış oldu.

O zamanlar Çin Afrikada “yumşaq güc” siyasətinə üstünük verirdi, məsələn, `humanitar yardım` adı ilə 10.000 mühəndis və 15.000 həkim Afrika ölkələrinə dəstək üçün göndərirdi. Soyuq Savaş dönəmində isə fürsətdən yararlanan Çin bölgədə inşaat işlərinə qatıldı. Tanzaniya-Zambiya dəmir yolu xətti buna misaldır. Efiopiya, Uqanda, Tanzaniya və Zambiya arasında Çinlə hərbi əməkdaşlıq çox güclüdür. Həmin ölkələrdə 674 dövlət sektoru, mədənçilik, bankçılıq, informasiya sektorlarında Çin möhkəmlənib. Efiopiyada telefon sahəsi Çinin əlindədir. CAR-ın Çinlə 1992-ci ildə 25 milyon dollar olan ticarət dövriyyəsi hazırda 400 milyon dollara qədər yüksəlib.

Çinin bölgədəki fəaliyyətinə əbəs yerə toxunmadım, çünki bölgədə sərbəst hərəkət etməkdə olan Pekin birbaşa ABŞ və Yaponiyanın milli maraqlarına təhlükə yaradır. Məhz bunu nəzərə alanlar Yaponiyanı regiona ona görə gətirmək istəyirlər ki, Vaşinqtonun ən sadiq müttəfiqi Tokiodur, həmçinin, hər ikisinin düşməni Çindir. Bütün bunların fonunda Yaponiya Parlamentinin hərbi əməliyyatalara qoşulma qanunu, ABŞ-ın bu qərarı böyük rəğbətlə qarşılaması, hərbi büdcənin birdən-birə artırılması, Şərqə olan rəsmi səfər və humanitar yardıma yenidən start verilməsi, ən başlıcası isə, İŞİD-in gözlənilməz formada Yaponiyanı təhdid etməsi, girovlardan birinin öldürülməsi rəsmi Tokionun bölgədə əsas fiqurlardan biri olmaq istədiyini göstərir.

Bu geostrateji gedişatda Çinə qarşı mübarizədə ABŞ-a ən ideal müttəfiq Yaponiyadır. İstisna deyil ki, Tokio da `İŞİD variantı`ndan istifadə edə bilər. Axı, nə də olsa, Yaponiya Parlamentinin qəbul etdiyi hərbi qanunda deyilir ki, ölkənin müttəfiqlərinə hərbi yardım etmək hüququ var və lazım olduqda birbaşa hərbi əməliyyatlarda iştirak edəcək. Bəs, Yaponiyanın müttəfiqi kimdir? Əlbəttə ki, ABŞ! ABŞ kimə qarşı və harada mübarizə aparır? Təbii ki, İŞİD-ə qarşı və Yaxın Şərqdə (hərçənd ki, İŞİD-i özü maliyyələşdirir). Demək, Yaponiya-ABŞ müttəfiqliyilə bağlı geosiyasi gözləntilərin istiqaməti məlumdur. Böyük ehtimal ki, İŞİD-in qurduğu səhnə də öncədən planlaşdırılıb.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti