Ədəbiyyata sürü halında gələnlər

Ədəbiyyata sürü halında gələnlər
  16 Mart 2015    Oxunub:10663
“Mən ədəbiyyata necə gəldim”

III gəliş


Mübarizə nəticəsiz uzandıqca xalq dağınıq kütləyə, insan deyingən sırtığa çevirilir və bu zaman mübarizənin məzmunu öz əhəmiyyətini itirərək, emosiyasız əyləncə şəklini alır. Ədəbiyyata gəl-get etdikcə, şöhrətinin zirvəsi Allahın özünü belə kölgədə qoyan söz peyğəmbərlərini yaxından tanıdıqca bu sənətin fitriliyinə şübhələrim artır, “unudulmuş köhnələri yeniləmək” həvəsim yaradıcı gərginliyini itirib məni, sadəcə, hər səhər evdən çıxıb ünvansız mənzillərə şair olmağa gedən, bu adı üst-başında daşımaqdan ötrü bütün müqəddəs dəyərləri itirib sırtıq qaraçıya oxşayan günəmuzd məhşura çevirirdi.

`Şair` adını şalvarının rəngində, ayaqqabısının qotazında, bığ-saqqalının həndəsi ölçülərində, saçının kirində, bir sözlə, aristokrat iti kimi yanına salıb ürəyinin həndəvərində gəzdirən şəhər avarasına bəzəyirdim. Qazancım yalnız kafe künclərində təşkil olunan məclislərdə kasta sisteminə uyğun bir şəkildə yuxarıdan aşağıya söylənilən sağlıqların sonunda növbə gözləyib, içki və söz qurtarandan sonra mürgülü gəyirtilərlə hamının indicə kiminsə qusacağı həyəcanı ilə təlaşlandığı zamanda ünvanıma candərdi deyilən alayarımçıq “gənc və istedadlı” yolaverdisi olurdu.

Hətta çox zaman heç bu ifadənin özü də “gənc” sözündən “və” bağlayıcısına qədər gəlib çıxmağa macal tapmırdı, ifadənin “istedadlıdır” hissəsi sağlıq deyənin ağzından qusmaqqarışıq tökülürdü masanın yan-yörəsinə. Mən istedadının arxasınca getməkdən başqa çarəsi olmayan köməksiz bir dahinin arvadı kimi hər gecə xəyalımda ünvanıma deyilmiş “istedadlı” sözünü kiminsə qusuntusundan təmizlədikdən sonra götürürdüm özümə; bir növ, torbasındakı təsadüfi kağız pulu qəpik-quruşdan ayırıb əzizləyən dilənçi kimi.

Şairlər, yazıçılar hər yerdə “yaradıcılıq təklərin işidir” desə də, hara gedirdimsə bu “təkləri” sürü halıda görürdüm. Get-gedə mənə aydın oldu ki, ədəbiyyata heç vaxt təklər gəlmir, həmişə sürülər gəlir, ancaq onların içindən tək-tükü qalır. Təklər gələnlərin-gedənlərin yox, qalanların adıdır.

Yəni başa düşdüm ki, ədəbiyyata sürü halında gəlmək lazımdır, belə bir sürü yoxdursa, onu özün yaratmalısan. Çünki müşahidə etmişdim ki, hətta ən məşhur şairlər də ətraflarında yaxşı təlim görmüş oxucu dəstəsi gəzdirirdilər. Bu dəstənin işi həm birlikdə, həm də ayrı-ayrılıqda olduqları məclislərdə, tədbirlərdə, hətta beş-on dəqiqəlik avtobus, metro yoldaşlığında özlərinin poetik liderlərini tərifləməli və danışıq zamanı mövzuları elə seçməliydilər ki, ondan bol-bol sitat gətirə bilsinlər.

Əsəri oxumamışdan əvvəl ilk dəfə getdiyim “Otello” tamaşasında böyrümdə oturmuş Ramiz Rövşənin oxucusu faciənin süjetinə uyğun olaraq böyük şairimizdən qulağıma o qədər sarsıdıcı misra döşədi ki, Otellonun Dezdamonanı boğması səbəbini evə gələndən sonra axtarıb kitabdan oxumalı oldum.

Artıq yeni möhtəşəm zühuretmə strategiyası hazır idi; ya ədəbiyyatda at oynadan sürülərdən birinin üzvünə çevirilmək, ya da yolu ədəbiyyatdan düşən təsadüfi sürülərdən birinə qoşulmaq lazım idi. Sən demə, bu ideya tək mənim ağlıma gəlməyibmiş, o vaxt bir-birindən xəbərsiz sürüləşmək istəyən başqa tənhalar da var imiş paytaxt künclərində.

Nəhayət, cütlərin deyil, təklərin xilas olduğu, Nuhun gəmisini xatırladan, Qəşəm Nəcəfzadənin, az qala, dulların və boşanmışların təriqət yuvasına çevirdiyi “Pərvanə” ədəbi məclisində bu ögey tənhalar illər sonra yadlaşmaq üçün doğmalaşdı. Topal Teymurun doqquz nəfərlə imperiya qurmağa başladığı kimi, biz də altı-yeddi nəfərlik mütəşəkkil dəstə şəklində gözlənilmədən ədəbiyyata soxulduq. İlk ələ keçirdiyimiz “ərazi” o vaxt Sahib Alıyevin baş redaktoru olduğu “Mərkəz” qəzetinin 14-cü səhifəsi oldu. Sahib Alıyevdən “hə” cavabı almaq üçün səhifənin elçiliyinə özümlə Borxesi aparmışdım. Borxesin “Babildə lotereya”sı uddu.

Ta əsgərliyə gedənə qədər bu qəzetdən aldığım qonorarla Bakının, demək olar ki, bütün “arxa sokaklarında” eşkiya, tərəkəmə, dərviş həyatı yaşadım. Robinzonun qazma komasına bənzəyən belə yöndəmsiz təkotaqlı evlərdən birini kənd Əhmədlidə, heç kimi olmayan bir qarının ünvanında tapmşdım. Əgər o qarı sələmçi, ən azı, falçı olsaydı, bəlkə də, Azərbaycan xalqı indi öz Raskolnikovuna qovuşmuşdu.

Yağış yağanda evin damı kasıb ailədə aş süzülərkən aliminium qurapalanı əvəzləyən cırıq cunaya dönürdü. Qapı evin əyri divarında dünyanın sifətinə çəpinə yamanmış Ərəbistan yarımadası kimi yanpörtü açılıb-örtülürdü. Qalan üç divar kor idi, yəni pəncərəsiz. Ev kələ-kötürlüyündən dəvə cəsədinə oxşayırdı. Qoca ev sahibəsi hər dəfə yağışdan sonra həyətdə ayaqqabılardan qopmuş palçıqları yumrulayıb üst-üstə yığaraq mənim otağıma bitişik daha bir divar hörürdü.

Bir gün qarıdan nə tikdiyini soruşdum. Əlindəki palçığı qurşağına qədər qaldırdığı divara sıvaya-sıvaya mərhəmət dolu kinayəylə dedi: “Elə bilirsən, yiyəsiz-yiyəliksiz cavan tək sənsən Bakıda?!” İşıqlar tez-tez söndüyü və divarlar pəncərəsiz olduğu üçün yazıb-oxumağın mümkünsüzlüyünü görüb evi tərk etmək istədiyimi qarıya deyəndə gülümsündü:
- Rafiq Hüseynovu tanıyırsan, bala?
- Diktoru?
- Hə, bax o, bu işıqsız, pəncərəsiz evdə yeddi il qalıb, özü də ailəsi ilə...

Eşkiya kimi yaşadığım dövrlərdə o qədər arıqlamışdım ki, imzasız çap etdiyim şeirlər vasitəsilə tanış olduğum xanım oxucu ilə aradabir şəhər gəzintilərinə çıxanda mənə evlərindən bankada yemək gətirirdi. Mən isə adətən, görüş yerinə zavod çörəyi ilə gedirdim. Məndən üç yaş böyük olan bu xanım gəzintilərin birində çantasından yemək bankası əvəzinə Cek Londonun “Martin İden” romanını çıxardı. Həmin gün aldığım çörəyi yavan yedim.

…Magistr dərəcəsi almaqdan ötrü elm sahəsində avaralanmaqdan yarıyolda imtina edəndən sonra orduda il yarımlıq zabit həyatını başa vurub evə qayıtdım. Hər yerdən çıxıb getmək haqqında düşündüyüm gecələrin birində Vüsal Məmmədovdan zəng gəldi (Bayaq deməyi unutdm ki, “Mərkəz”in 14-cü səhifəsində mənim ilk redaktorum Vüsal bəy idi). Görüşdük və o, cibindən çıxardığı pulları masanın üstünə qoyub dedi: “Bunu Sahib müəllim göndərdi, əsgərlikdən əvvəl qəzetdə qalan qonorarındır”.

Vətən Sahib Alıyevin göndərdiyi qonorarla ehtiyata buraxılmış zabitinin və həmişə əl altında ehtiyatda saxladığı şairinin xəcalatından çıxırdı.

IV gəlişin anonsu

- Nisyə çap olunmuş şeir kitabıma görə mənə göndərilən 15 000 ABŞ dolları
- “Bakının ən ucuz kafesi”ndə baş verənlər



Teqlər:  





Xəbər lenti