ABŞ-ın məxfi çevriliş əməliyyatı
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Patrik Byukenen “The American Conservative” nəşrində dərc edilmiş məqaləsində yazır.
Müəllif bildirir ki, ABŞ Dövlət Departamenti “soyuq müharibə” dövründə istifadə edilmiş taktikanı - xarici ölkələrdə sözəbaxmayan hökumətləri devirmək üçün gizli əməliyyatları yenidən işə salıb.
Məlum olub ki, Benyamin Netanyahunun (“Bibi”) hakmiyyətini devirmək üçün pullar “OneVoice” təşkilatının İsraildəki filialı “Victory-12”yə göndərilib. Bu təşkilatı Amerika məxfi agentləri ilə birgə Netanyahunun seçkilərdə məğlub olması üçün iş aparıb.
“Əgər biz bu gün dost ölkələrdə azad seçki prosesinə müdaxilə etmək və Obamaya sərf etməyən liderləri devirmək üçün pulları bu cür axıdırıqsa, o zaman amerikalıların bilməyə haqqı var: nəyə görə biz demokratiyaya qarşı "soyuq müharibə" dövrünün taktikasından istifadə edirik?”- deyə Riçard Nikson və “soyuq müharibə” dövrü haqda kitabın müəllifi olan Byukenen sual edir.
Müəllif yazır ki, II dünya müharibəsindən sonra onun CNN-dən olan mərhum həmkarı Tom Breyden Mərkəzi Kəşfiyyat İdarəsinin çemodanlarla dolu pullarını Avropanın demokratik partiyalarına daşıyırdı. Bu partiyalar Moskvadan maliyyələşən kommunist hərəkatlarının təhdidi altında idi.
“Lakin bunu stalinizmlə mübarizə üçün edirdilər, soyuq müharibə dövrü idi, Qərbin yaşamasından söhbət gedirdi. İndi ümid var ki, Senat “OneVoice” və “Victory-15” təşkilatının fəaliyyətini araşdıraraq bu suala cavab tapmağa çalışacaq: ABŞ qeyri-hökumət təşkilatlarını dünyanın müxtəlif ölkələrində rejimləri devirmək üçün istifadə etmir ki?”- deyə Byukenen yazır.
Müəllifə görə, bu sual Ukraynaya görə Qərblə Rusiya arasında yaşanan indiki böhran vaxtında daha çox aktualdır. Çünki Amerika deyir ki, Rusiya ilə münasibətlərdəki böhranın səbəbi Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərqində rusiyameylli separatçılara dəstək verilməsidir. Əslində isə Kiyevdə demokratik yolla seçilmiş rusiyameylli hakimiyyətin devrilməsinə qədər Putin Ukraynada heç nə etmirdi.
“Moskva əmindir ki, bu dövlət çevrilişində ABŞ-ın əli var. Kiyev meydanında kütləni təkcə Con Makkeyn yox, dövlət katibinin köməkçisi Viktoriya Nuland da ruhlandırırdı. ABŞ-ın Kiyevdəki səfiri ilə Nuland arasında telefon danışığı yayılanda məlum oldu ki, Yanukoviçin devrilməsindən sonra bizim üstünlük verdiyimiz namizəd var. Nuland telefon danışığında onu “Yats” adlandırmışdı. Yanukoviç qaçandan sonra hakimiyyətə əlbəttə bizim adamımız - Arseni Yasenyuk gəldi”- deyə Byukenen yazır.
Müəllif ABŞ-ın indiyədək bir çox keçmiş sovet respublikalarında “rəngli inqilablar” təşkil etdiyini, bu zaman qeyri-hökumət təşkilatlarından istifadə olunduğunu xatırladır: “2003-cü ildə biz Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirdik. 2008-ci ildə isə Saakaşvil Cənubi Osetiyaya qarşı hərbi əməliyyatlara başlamaqla az qala ABŞ-la Rusiyanı hərbi qarşıdurmaya gətirmişdi”.
“ABŞ xarici siyasətinin öncəlikli vəzifəsi nədir? Respublikanın milli təhlükəsizliyini və həyati maraqlarını qorumaq? Və ya biz Corc Buşla birlikdə hesab edirik ki, Amerikada “azadlıqların yaşaması” dünyanın digər yerlərində azadlıqların uğurundan asılı olacaq? Əgər ikincisidirsə o zaman bizim missiyamız utopiyadır və onun sonu olmayacaq.
Məsələ ondadır ki, əgər azadlıqlara təhlükə bütün dünyanın demokratikləşməsinə qədər mövcud olacaqsa o halda biz Rusiya, Çin, Şimali Koreya, Vyetnam, İran, Suriya, Səudiyyə Ərəbistanı, Misir, Belarus, əksər ərəb və Afrika ölkələrində, Venesuelada, Kubada mövcud hakimiyyətlər devrilənə qədər dincəlməli deyilik. Əgər bizim məqsədimiz budursa, o zaman respublikamız sadəcə olaraq həmin hədəfə çatmaq naminə öləcək”- deyə Patrik Byukenen yazır.
Teqlər: