Azərbaycan mediasının quldarlıq dövrü

Azərbaycan mediasının quldarlıq dövrü
  30 Mart 2015    Oxunub:11684
“Mən ədəbiyyata necə gəldim”

I gəliş
II gəliş
III gəliş

IV gəliş: media quldarlığından qaçış

Azadlıq duyğusu - realizə imkanları məhdud, yaradıcı fantaziyası hüdudsuz olan bir duyğudur. İnsan yalnız bu cümlədəki durğu işarəsinin yerində dayananda, müğənnilər demiş, xoşbəxt olur, sağa və sola atılan bircə addımdan sonra, Nitsşenin sözü olmasın, bədbəxtliyin “böyüyən səhrası” başlayır.


Azadlıq duyğusu dünyaya gələrkən uşağa köməksiz qalacağı halda, bir müddət yaşamaq üçün ana bətnindən ötürülən təbii qida ehtiyatı kimi anadangəlmə mənəvi qidadır. İnsan ömrü boyu bu mənəvi ehtiyatı xərcləyərək yaşayır, alilər bunu ifrat israfçılıqla xərcləyib sənət, elm şedevrləri yaradırlar, adilər, sadəcə, onu özbaşınalığa çevirib özlərini də, başqalarını da məhv edirlər. Ortabablar isə şəxsi firavanlıqları üçün qənaətlə tükədirlər.

Bizim tənhalardan ibarət sürümüz artıq ədəbiyyata gəlmək üçün yola çıxmışdı, lakin ədəbiyyata gələ-gələ biz həm də yolüstü gündəlik yaşayış çıxarlarını – kirayə ev, ərzaq, geyim təlabatı, digər məişət məsrəflərini qarşılamalı və yola salmalıydıq. Bizim isə şəhərin zənci gettolarını xatırladan ucqar, dağınıq məhəllələrində gecələmək üçün, az qala, hər həftəsonu dəyişdiyimiz gecəqondularda hippi həyatı yaşamaqdan ötrü anadangəlmə azadlığımızdan başqa bir mirasımız yox idi. Şərq nağıllarından tanıdığımız məşhur mistik xeyriyyəçi, qibleyi-aləmin qismət etdiyi qəpik-quruş isə o qədər “tulapayı” olurdu ki, pomidor alanda çörəyə, çörək alanda pendirə çatmırdı. Yüz qram kolbasa alanda bizimki bizə gəlirdi.

O zaman Azərbaycan mətbuatında quldarlıq quruluşu yeni-yeni təşəkkül tapmağa başlamışdı. Bugünkü media feodallarının çoxu o vaxt qul idi. Mətbuat gənc şair və yazıçıları ədəbi zənci kimi, az qala, bir öynə yemək müqabilində öz “plantasiyalarında” işlədir, bəzən ədəbiyyata qayğı amacıyla onlara redaksiyaların saxlanclarında satışdan qayıdan tozlu nüsxələrin arasında gecələmək üçün qəzet yorğan-döşəkdə yer verirdilər. Ən asan populyarlıq siyasi, ən çox qonorar isə sarı mətbuatda idi. Yetərdi ki, məqalədə hansısa hakimiyyət nümayəndəsi haqqında dilin orfoqrafiya lüğətində əcnəbi söz qədər hörməti olmayan, amma xalq arasında emosiyaları ifadə etmək baxımından nüfuzu ana söyüşünə bərabər tutulan küçə ifadələrini ard-arda düzəydin, yaxud da uydurma pornoqrafik simvolizmin memuar janrında zəvzəylədiyin təxəyyül çızmaqaralarında Çingiz Aytmaytovun Qaranəri kimi qızıb düşəydin xəyali qız-gəlinin üstünə. Söyüş və seks! Bir media zəncisinə bundan artıq nə lazım idi ki?!

Özümüz də hiss etmədən quldar mətbuat dil vasitəsi ilə bizim əxlaqımızı korlayır, axırımıza çıxırdı. Biz dildə məhv olurduq. Söz və fikir azadlığı mahnası ilə deyingən qarı yanıqlığı ilə tumanını başına çəkib qurşaqdanaşağı ifadələrin yerini oxuculara göstərib, çayxana dissidentinə çevirilməyin üzütüpürcəkli şöhrəti haqqında fikirləşmək, yaxud Azərbaycanda apokaliptik əxlasızlıq kimi qəbul olunan, dünyada nəinki mənəvi dəyər, hətta mövzu kimi də çoxdan aktuallığını itirmiş azad kişi-qadın münasibətlərindən təkəlli üyüdüb-tökmək təfəkkürümüzün reallıq hissini itirməsinə doğru aparırdı.

Biz get-gedə impotent xəyalpərvərə çevrilirdik. Yaradıcı liliputluğumuz ləyaqətini və cinsini itirirdi, şairliyimiz cəhənnəm, kişiliyimiz əldən gedirdi. Şərq romantizmi bizim yaradıcılığımızı yox, cinsi oriyentasiyamızı öz isti ağuşuna almışdı. Həyat isə saralmış zəminin üstündən amansız çəyirtkə seli keçərcəsinə üstümüzdən keçib-gedirdi. Reallıq bu idi ki, XIX əsrin sonunda rotşildlərin, nobelləri başladığı neft bumu XX əsrin əvvəlində Bakıda azadlıq ideyasını alovlandırmışdısa, XX əsrin sonunda öz qanımız hesabına yenidən bərpa olunan azadlıq XXI əsrin əvvəlində ölkəni neft bumunun əsarətinə salmışdı.

Bakı artıq sənət şəhəri deyildi. Orta əsrlərdə ərəb vəhşiliklərindən gizlənən sufilər kimi tezliklə ləngələrə çəkilmək lazım idi. İlk ağla gələn ölkə, sözsüz ki, Rusiya idi. Şimal ekspedisiyasına aramızda ağıl sarıdan ən çox korluq çəkən Sadiq Elyeri badımcan alverçisi libasında göndərdik, hətta tanışlar vasitəsilə buradan ona Moskvada pulsuz gecələmək üçün düşəcəyi bazarın anbar qarovulçusunun yanında pulsuz yer də tapdıq. Qarovulçudan onu da öyrəndik ki, qış gələnəcən orda alver edən həmvətənlərimizin ev problemi olmur, gecələr bazarda yatır, həftədə bir dəfə çimmək üçün yaxınlıqdan axan çaya enirlər.

Hər ehtimala, qarşı mən Sadiqin azuqə torbasına o vaxt Murad Köhnəqalanın zəmanəti ilə “Adiloğlu” nəşriyyatında nisyə çap olunmuş 15-20 şeirdən ibarət kitabımı da qoymuşdum ki, əsgərlikdən sonra Moskvada ərşə çəkilən əmimi təsadüfən tapa bilsə, ona bağışlasın. Ünvan kimi əmimin əsgərlik şəklinin arxasına yazdığı küçənin adını və bir telefon nömrəsini vermişdim. Beləliklə, biz öz Qaqarinimizi uğurla ilk dəfə Azərbaycan orbitindən qatarla sürünə-sürünə yola saldıq. Əgər o, Moskvaya çata bilsə, hər şey yaxşı olacaqdı, yox, yarıyolda partlasaydı, biz heç nə itirməyəcəkdik.

Üç gündən sonra Moskvadan mənim ünvanıma 15 000 dollar pul göndərildi. Əmim telefonda elə belə də dedi: “Dostlarını da götür, gedin özünüzə ev alın”.

Cəmi bir aydan sonra Bakıda bizim həm evimiz, həm kafemiz, həm də torpaqbasdısı qürbətdən göndərilən ikiotaqlı vətənimiz var idi.

V gəlişin anonsu:
- `Gündə iki yüz kərpic və iki min söz`
- `Cəbhədən cəbhəyə` və yenidən təkliyə



Teqlər:  





Xəbər lenti