Qoca şairin şişmiş dalağı – Aqşin Yenisey yazır

Qoca şairin şişmiş dalağı – Aqşin Yenisey yazır
  21 Aprel 2015    Oxunub:11533
“Mən ədəbiyyata necə gəldim”

I gəliş
II gəliş
III gəliş
IV gəliş
V gəliş

VI gəliş: İstedadın inzibati zəmanəti


Qoşabuynuz Zülqərneynin Atropatidlər sülaləsinin adını daşıyan ölkəmizin daha bir reallığı da bundan ibarətdir ki, burada istedadı Tanrının təsdiqləməsi hələ işin inam yox, şübhə doğuran yarısıdır, əsas inam yaradan yarısını qocaman ədəbiyyat kahinlərinin subay həyat tərzi sürdüyü Yazıçılar Birliyi adlanan, xalqımızın bədii statistikasını aparan ictimai-inzibati sovetdənqalma qələmgəzdirənlər məbədi təsdiqləməli və oxuculara, dövlət idarələrinə, ali, orta təhsil müəssisələrinə, nazirliklərə, məscidlərə, mətbuat orqanlarına, hətta evlənmək istədikləri ailələrə zəmanət verməlidir ki, qarşınızdakı gənc şair, yaxud yazıçı üzərində milli-mənəvi-əxlaqi, ictimai-siyasi, tibbi-proflaktik tədbirlər aparlmış, mənəvi cüzama, ictimai SPİD-ə, siyasi quduzluğa qarşı peyvəndləri vurulmuşdur.

Yalnız bu möhürlü zəmanət kağızını cibinə qoyandan sonra o yaradıcı gəncin qapısı cəmiyyətə açıla bilər. Özü də yaradıcı gəncin cəmiyyətə, ədəbiyyata hazırlanma prosesi xristian məhbəslərində həbsxana keşişi ilə edama məhkum olunmuş dustaq arasında ölümqabağı aparılan o dünyaya hazırlıq söhbətləri kimi pərdə arxasında aparılır. Gənc adam onun istedadına zəmanət verən ədəbi kahinin üzünü görmək üçün günlərlə, bəzən aylarla, hətta illərlə gərgin axtarış dövrü keçməlidir. Bəzən isə ümumiyyətlə, istedadı təsdiqləyən “titulyar sovetnikləri” uzaqdan da olsa görmək, səsini eşitmək sarıdimdik istedada qismət olmur, çünki verilən zəmanətlər çox zaman ölüm ayağında olan söz kahinlərinin son vəsiyyətləri kimi güc-bəla ilə, sonu bitməmiş şəkildə gəlib çatır qulaqlara. Yaradıcılıq yoluna qədəm basan gənclərin ədəbi xeyir-duası çox zaman alayarımçıq deyilmiş vəsiyyətlər olur. Azərbaycanda yolları ölülər açır.

İlk kitabdan sonra Bədii Statistika idarəsinin geyilmiş “Qaloş”ları məni də özünün zəmanətli “istedadlılarının” cərgəsinə qatmaq üçün izimə düşmüşdü. Sonralar bu “bələkdə sünnətləmə” sevdansının baş tutmadığını görüb, cəmiyyətdə mənim içki düşkünü, əhlikef obrazımı yaratmaq istəyən bu birliyin taykeş “Qaloşları” çağırdıqları məclislərdə səmimiyyət rəmzi olaraq qədəhimdə dodaq yeri belə saxlamırdılar. Etiraf edim ki, yalnız bir dəfə bu ədəbi çetenin hiyləsinə inandım və Yazıçılar Birliyinə üzv olmaq üçün elə içki masasındaca ərizə də yazdım. Qaldı üç qocaman xalq yazıçısından zəmanət almaq səadətinə qovuşmaq.

Elə masadaca onlardan biri ilə telefon bağlantısı yaratdılar. Telefonu götürən xalq şairinin həyat yoldaşı bildirdi ki, şairin vəziyyəti ağırdır, dalağı şişib, danışa bilmir, nə istəyirsiniz, mənə deyin. Telefon bağlantısının nəticəsi bu oldu ki, ölüm ayağında olan yazıçı əli ilə yanında oturub alnına nəm dəsmal qoyan həyat yoldaşına izah edib ki, artıq ölürəm, birliyə üzv olmaq istəyən şair - yəni mən, - özü haqqında bir şey yazıb gətirsin, qol çəkim. Hətta əli ilə onu da vurğulayıb ki, bir az tez eləsin, zalım fələyə etibar yoxdur.

Sevincək “Qaloş”lar dərhal mənə zəmanətin forma və məzmunu izah etdilər. Demək, mən zəmanət aldığım xalq yazıçısının dilindən özüm barədə belə bir şey yazmalıyıdım. Guya, bir gün Yazıçılar Birliyinin ikinci mərtəbəsindəki otağımda pəncərə önündə dayanıb yenicə çiçəkləməyə başlayan yasəmən ağacı ilə söhbət edirmişəm. Bu vaxt qapı döyülür və gənc bir oğlan olan – özüm,- utana-utana içəri girirəm. Qızara-qızara, ölüb əriyə-əriyə öz şeirlərimi qoca mənə uzadıram və qısıla-qısıla bu şeirlərə zəmanət verməsi üçün qoca məndən xahiş edirəm. Qoca “mən də” gənc “mənin” istedadının şeirlərindəki poetik tapıntıları, ifadə şirinliyini, saf qəlb çırpıntılarını, anaya-bacıya, vətənə olan təmənnasız sevgisini “kəşf etmək” üçün şeirləri alıb evdə oxuyacağımı deyirəm, hətta yanıma gələn gənc özümə onu da tapşırıram ki, on gündən sonra bir də gəlim. Beləcə, gənc özüm qoca özümə şeirlərimi verib molla məsciddən çıxan kimi dalı-dalı otaqdan çıxıram.

Mən çıxandan sonra, guya, otaqda qalan qoca özüm şeirləri oxumağa başlayıram. Ruhum elə ilk şerin adındakı poetikliyin sehrindən hayıl-mayıl olur: “Fəsilsiz ada”. Bəh-bəh-bəh! Arxasınca ikinci şeir” “Basdır gözlərinin didəsində məni”. Necə də həzin lirika! Üçüncü şeir: “Çiyələkli gecənin pornoqrafiyası”. Yox bu, yox. “Çiyələkli gecə” əla tapıntıdır, amma “pornoqrafiya” mentalitetimizə, həm də gənc şairə yaraşan söz deyil, həm də gecədə çiyələk varsa, oxucuya zatən o gecənin pornoqrafik keçəcəyi gün kimi aydındır (buları ürəyimdə öz-özümə deyirəm) və qəfildən qələmi götürüb, gənc özümün səhvini düzəldirəm: “Çiyələkli gecənin fotoqrafiyası”.

Qoca şairin adından özümə yazdığım zəmanəti yazıb qurtarandan sonra gördüm ki, ironik bir hekayə alınıb, bircə sonluğu tapmaq qalır. Yadıma telefon bağlantısı zamanı can üstə olan qoca şairin həyat yoldaşının xəttin o başında dediyi “Şairin vəziyyəti ağırdır, dalağı şişib” sözləri düşdü və “İstedada verilən saxta zəmanət” hekayəsi bu cümlə ilə bitdi: “On gündən sonra yenidən qoca şairin otağına zəmanət kağızını almağa yollanan gənc şair onun qapısının üstündə qara yapışqan lentlə yapışdırılmış bir çüt solğun qərənfil gördü”.

Bədii Statistikasına idarəsinə üzv olmaq məsələm belə bir əndirəbadi sonluqla həmişəlik başa çatdı.

Mən yenidən həyatı haqqında roman yazmaq istədiyim dünyanın ən balaca azərbaycanlısını axtarmağa başladım və ağcaqanadlı yay axşamçağılarının birində Qarabağ qazilərinin yığışdığı zeytun ağaclarının kölgəsindəki çayxanada keçmiş döyüşçü Rey Kərimoğlu bədənində gizildəyən qəlpələrin yerini pencəyinin üstündən qaşıya-qaşıya dedi: “Axtardığın adamı tapmışam, əyalətdə yaşayır. Fəhlə yeməkxanalarına, uşaq baxçalarına, kolbasa sexlərinə ölü, xəstə mal-qara əti daşıyıb satmaqla ailəsini dolandırır. El arasında ona “Leş Əli” deyirlər. Ünvanı cibimdədir”.

VII gəlişin anonsu:
* Leş Əlinin inkarı
* Siyasi müxalifət mətbatında ələmgəzdirənlik



Teqlər:  





Xəbər lenti