Saytın qonağı | `Siyasətdə heç nə əbədi deyil` - Rasim Musabəyov (VİDEO)

  01 May 2015    Oxunub : 7697
Saytın qonağı | `Siyasətdə heç nə əbədi deyil` - Rasim Musabəyov (VİDEO)
AzVision.az saytının qonağı, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat Rasim Musabəyov oxucularımızın suallarına cavab verir.

Ramil:

-Nədən Millət vəkili seciləndən bəri kənara cəkilibsiniz, əvvələr azad və dürüst fikirlər söyləyərdiniz, indi isə deyəsən öz biznesinizlə məşğulsunuz. Nədən bu mövqeyi seçdiniz?




-Sizin sualınızda qeyri-obyektivlik və qərəz hiss edilir. Mən heç bir bizneslə məşğul olmamışam və olmuram. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi vəzifələrimi yerinə yetirirəm. Öz dairəmin seçiciləri tərəfindən qaldırılan məsələləri həll etməyə çalışıram. Həmişə olduğu kimi, regional təhlükəsizlik və beynəlxalq siyasətin aktual məsələləri ətrafında çıxış edirəm, öz gücüm daxilində Qarabağ problemi ilə məşğul oluram.

Sənan İsmayılov :

-Hörmətli Rasim bəy, anladığıma görə, Azərbaycan tərəfi Dağlığ Qarabağa xüsusi status verməyə hazrıdır (Azərbaycan Respublikasının ərazi bütövlüyü daxilində). Nəyə görə bizim tərəf belə xüsusi status haqqında danışdıqda Şuşa şəhəri haqqında məsələni ayrıca qabartmır ki, bu şəhərdə kofliktdən əvvəl azərbaycanlılar yaşayıb (mütləq əksəriyyət olaraq) və bu şəhərin özünün statusu ola bilər (misal üçün, birbaşa respublika tabeli şəhər). Bunu ona görə soruşuram ki, ermənilər onsuz da Dağlığ Qarabağın az qala həmişə erməni ərazisi olduğunu deyirlər (bu səbəbdən də əraziyə muxtariyyət statusu verilmişdi). Şuşa şəhərini fərqlənidrməklə biz oranın bizlərə nə qədər aid olduğunu qeyd etmiş olarıq və şəhərin Azərbaycan üçün tarix və mədəniyyət baxımından böyük əhəmiyyətini çatdırarıq.




-Heç kəs Şuşanı unutmur. Danışıqların indiki mərhələsinin prioriteti davamlı sülhün bərqərar edilməsi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, kommunikasiyaların açılması və məcburi köçkünlərin qayıtmasıdır. Həm Dağlıq Qarabağ azərbaycanlılarının, həm də münaqişədən əvvəl çoxluq təşkil edən Şuşa azərbaycanlılarının statusunun müzakirəsi, Dağlıq Qarabağın daimi statusu ilə eyni vaxtda müzakirə mövzusu olacaq. Bakı israr edir ki, bütün bu məsələlər ətrafında razılığa Qarabağın həm azərbaycanlı, həm də erməni icmaları kompromisə getməlidirlər.

Namiq:

-Qarabağ məsələsini Rusiya həll edəcək. Amma zamanı çatanda. Bunun vaxtı barədə nə deyə bilərsiniz




-Hər hansı bir vaxt demək çətindir, hətta ehtimal belə etmək. Bütün hərbi, diplomatiya, informasiya, iqtisadi istiqamətlər üzrə ermənilərə təzyiqi artırmaq lazımdır. Azərbaycanın beynəlxalq mövqeyini və silahlı qüvvələrini daha da gücləndirmək lazımdır. Qarabağ məsələsinin nizamlanmasında Moskvadan çox şey asılıdır, amma hər şey yox. Buna görə də beynəlxalq və regional güclərin dəstəyini təmin etmək vacibdir.

Turqay:

- Rasim müəllim bilmek istəyirəm ki, Azərbaycanda niyə politologiya ixtisasi uzrə təhsil almış gənclər üçün politoloqlar kurslar, treniqlər və onları bu sahə üzrə yetisdirmək üçün tədbirlər görülmür?




-Bu belə deyil. Mütəmadi olaraq müxtəlif treninq və kurslar keçirilir. Maraqlanmaq lazımdır. Mən özüm 10 il ərzində, 2000-ci ildən 2010-cu ilə qədər layihə çərçivəsində gənclər üçün belə treninqlərə rəhbərlik etmişəm,

Vahid:

- Rasim müəllim, sizcə niyə politoloqlar əsasən güc dövlətlərin siyasətini təbliğ edirlər. Belə çıxır ki, onlar həmin ölkələrdən maliyyələşirlər. Çünki bərabərhüquqlu güc dövlətləri təbliğ etmirlər. Vəfa müəllim həmişə Amerikanın xeyrinə Rusiyanın əleyhinə danışır. Sizdə də Qərb yönümlülük var. Bu nədən irəli gəlir.




- Birincisi, tövsiyə edirəm ki, şərh yerləşdirəndə böyük hərflərdən istifadə etməyəsiniz. Bu həm qavramanı çətinləşdirir, həm də internet məkanında öz fikrini qışqıraraq ifadə etməyi bildirir. İkincisi, mən bildiyimə görə, Vəfa müəllim ABŞ tərəfindən heç bir maliyyə dəstəyi almır, lakin yüksək dövlət təqaüdü alır. Mən də qərb sponsorları tərəfindən hər hansı maliyyə yardımı ilə təmin olunmuram, Milli Məclisin deputatı kimi isə yüksək əmək haqqı və ekspert kimi öz kitab və məqalələrimə görə qonorar alıram. Vəfa müəllimin əvəzinə danışmaq istəmirəm, amma özümü qərbyönümlü və ya anti-rusiya yönümlü siyasətçi və analitik hesab etmirəm. Mən öz şərhlərimi bilik və təcrübəmə əsaslanaraq verirəm, Qərbdə və ya Rusiyada kiminsə xoşuna gəlmək üçün yox. Mümkün olduğu qədər, obyektivliyi qorumağa və öz mövqeyimi arqumentlərlə, nəticələri isə faktlarlarla əsaslandırmağa çalışıram. Ümid edirəm ki, insanların inamından sui-istifadə etmirəm.

Rauf (Strasburq):

Rasim muellim, salam. 2010-cu il seçkilərindən oncə qatıldığınız parlament seçkilərindən sonra Milli Məclisi canlı qəbristanlıq adlandırmışdınız. Sonra niyə orda təmsil olundunuz?




-Bunu hardan götürmüsünüz? Yəqin ölkədən kənarda siz şayiə və ya etibarsız mənbələrdən faydalanırsız. Mən 2005-ci il parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmişəm. Səsvermənin ertəsi günü ANS telekanalının səhər efirində öz seçki dairəmin (23 saylı Nəsimi-Səbail) qalibi elan olunmuş akademik Ziyad Səmədzadəni təbrik etmişəm. Verilişi yüz minlərlə insan görüb. Mənə aid etmək istədiyiniz fikirləri isə heç vaxt deməmişəm.

Layiq:

- Rasim müəllim, bu İŞİD-in axırı nə olacaq?




-İstənilən radikal, antihumanist cərəyan kimi o ya dəyişməyə, ya da ki məhv olmağa məhkumdur. Öz qanlı cinayətləri ilə İŞİD bütün dünyanı - müsəlmanları, xristianları, buddistləri özünə qarşı qoyur.

Tural İsmayılov:

- Rasim müəllim sizə iki sualım var. İlk öncə bilmək istərdim ki, Azərbaycan da digər qərb dövlətləri kimi qərb dövlətlərində baş verən bəzi neqativ hallarla baglı beynəlxalq layihələr filan edə bilməzmi? Axi onlar bizim daxili işlərimizə həmişə qarışırlar. İkincisi, sizcə bu gün Müsavat Partiyasında nələr baş verir?




-Azərbaycan xarici ölkələrdəki diaspora ilə iş üzrə komitənin xətti ilə xaricdə müxtəlif layihələri dəstəkləyir və eyni zamanda Avropada, Pakistanda, Türkiyədə, Gürcüstanda və digər ölkələrdə bir sıra mədəni layihələri maliyyələşdirir.



- Hələ 2005-ci ildə mən Müsavat partiyasının sıralarını tərk etmişəm və ordakı daxili vəziyyəti bilmirəm. Təəssüf ki, Müsavat partiyası da, ondan öncə isə Xalq Cəbhəsi, Milli İstiqlal və digər müxalifət partiyaları kimi parçalanmadan yan keçə bilmədi.

Kamil Hüseynəliyev:

- Rasim müəllim. Sizcə, Azərbaycanda yaxın illərdə güclü müxalifət partiyası yarana bilərmi? Yoxsa biz faktik olaraq birpartiyalı sistemə gedirik?




-Sizin sualınıza ehtimalla və nəzəri cavab vermək mümkün deyil. Cavabı yalnız həyat verə bilər. Deyə bilərəm ki, siyasətdə heç nə əbədi və dəyişməz olmur.

Qoca:

-Rasim müəllim, düzünü deyin, sovet dövrü üçün darıxırsınızmı?




-Həyatımın böyük, həm də ən yaxşı hissəsi sovet dövründə olub, çünki, o vaxt mən gənc idim. Lakin, o dövr üçün heç bir nostalji hiss etmirəm.

Tahir:

-Rasim müəllim, gəlin nəyinsə xətrinə örtülü danışmayag, sizcə Rusiya SSRİ -nin bərpasini həyata kecirə biləcəkmi? Azərbaycanın bu ittifaqa daxil olması mümkündürmü ?




-Moskva hər hansı bir formada SSSRi-ni bərpa etmək gücündə deyil. Nəyinki Azərbaycan, hətta ruslara doğma olan Belarusiya, nökəri olan Ermənistan və Rusiyanın müttəfiqi Qazaxıstan da heç bir halda öz müstəqilliyi və suverenliyindən imtina etmək istəmir. Bu ölkələr Moskvaya Avrasiya İqtisadi İttifaqını siyasi birliyinə çevirməyə imkan vermir, onun iqtisadi xarakterində təkid edirlər. Azərbaycana gəldikdə isə, biz ikitərəfli münasibətlərə üstünlük veririk və Avrasiya İqtisadi İttifaqı ilə o halda əlaqələr qura bilərik ki, bu birlik öz səmərəliliyini sübut etsin. Lakin, ərazilərimizi işğal etmiş Erminastanın olduğu heç bir ittifaqda rəsmi Bakı təmsil olunmayacaq.

Çoxbilmiş:

- Rasim müəllim, doğrudanmı dünyanı Masonlar idarə edir? İllümanitaliər haqda deyilənlərə inanırsınızmı? Bilderberq klubuna necə? Dünyanı yönəldən gizli təşkilatlar varmı?




-Masson təşkilatları tarix boyu olub və indi də var. Sizin də qeyd etdiyiniz kimi müxtəlif beynəlxalq birliklər var. Həmçinin Rockefellerin "Üçtərəfli Komissiyası", Roma Klubu və s. Onlarda müxtəlif məruzələr hazırlanır, informasiya mübadiləsi və müzakirələr aparılır. Lakin bu qurumların dünyanı gizli idarəetməsi əfsanədir, inanmayın.

Ramil Qulamov :

-Üçüncü müddətə seçilmək fikriniz varmı, yoxsa təqaüdə getməyi düşünürsünüz?




-Birincisi, əgər mən seçkilərə getsəm, bu ikinci dəfə olacaq, üçüncü yox. İkincisi, mən artıq təqaüd yaşına çatmışam, lakin Milli Məclisdə məndən də yaşlı olan deputatlar çoxdur. Əmək qabiliyyətim və potensialım fəal işlə məşğul olmağa imkan verir və əgər seçicilər etimad göstərsələr, onda parlamentdə daha bir müddət işləyə bilərəm.

Səbuhi :

-Niyə Qərb dövlətləri Ukrayna məsələsinə həssas yanaşdıqları halda, Suriya, İraq və s müsəlman ərazilərdəki məsələlərə belə həssaslıqla yanaşmırlar?




-Mən deməzdim ki, qərb ölkələri Suriyaİraqdakı duruma daha az maraq göstərirlər, nəinki Ukraynaya. Əksinə, Suriyaİraqda ABŞ və onun müttəfiqləri Ukraynadan fərqli olaraq birbaşa silahlı qüvvələri ilə iştirak edirlər, maliyyə dəstəyi isə daha böyükdür. Son illərdə ABŞ yalnız İraqa təxminən 500 milyard dollar xərcləyib.

A/N :

-Rasim müəllim, Milli Məclisdə Azərbaycan- Gürcüstan Parlamentlərarası dostluq qrupun üzvü kimi qonşu ölkədə yəqin tez-tez olursunuz və oradakı vəziyyəti daha yaxın müşahidə edirsiniz. Sualım belədir: 1. keçmiş prezident Mixail Saakaşvilinin yenidən geri dönüb Gürcüstanın prezidenti seçilmək şansı varmı? 2. Azərbaycan dövlətinə Saakaşvili höküməti ilə yoxsa indiki İvanişvili hökümətilə əməkdaşlıq etmək rahatdır? Təşəkkür edirəm.




- İndi proqnoz vermək çətindir ki, Saakaşvili Gürcüstanın prezidenti kimi qayıdacaq ya yox. Yeni Konstitusiyaya görə prezident hakimiyyət səlahiyyətlərindən demək olar ki, məhrum olan nümayəndədir. Lakin Saakaşvilinin milli-demokrat partiyası növbəti seçkilərdə qalib gələ bilər, çünki xalq hakimiyyətdə olan "Gürcü arzusu" koalisiyasından məyus olmağa başlayır, və bu halda o, mühüm bir vəzifə (baş nazir və ya parlamentin spikeri) tuta bilər. Saakaşvili cavandır və o hələ siyasətdə olacaq. 2) Saakaşvili hökuməti ilə Azərbaycan çox yaxşı qarşılıqlı əlaqələrə malik idi. Biz məhz onun dövründə "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Bakı-Ərzurum" qaz kəməri kimi böyük layihələri həyata keçirmişik, "Bakı-Tbilisi-Qars" dəmir yolunun tikintisinə başlamışıq. İndiki hökumət də Azərbaycanla münasibətlərdə varisliyi davam etdirir, baxmayaraq ki, qarşılıqlı siyasi əlaqələr bir qədər aşağı düşüb.

Qurban Süleymanov :

- Sizcə Azərbaycan ərazi bütövlüyünün hərbi yolla bərpasına başlasa Rusiya, Fransa, ABŞ bizə qarşı hərbi əməliyyat tətbiq edərlərmi? Bilirik ki, beynəlxalq hüquq tam olaraq bizim tərəfimizdədir. Ancaq bu hüququ sayan var ki!? Xahiş edirəm konkret cavablandırın. Çünki siz realist siyasətçisiniz.Təşəkkür edirəm.


- Sizin sualınıza qısa cavab vermək çətindir. Azərbaycan işğal altındakı torpaqlarını təcavüzkarlardan silahla təmizləməsi üçün qanuni hüququndan istifadə etməməsinin səbəbi məhz beynəlxalq reaksiya və müdaxilə riskidir. Vəziyyət belədir ki, hərbi əməliyyatların bərpasının ardınca demək olar ki, dərhal BMT Təhlükəsizlik Şurası toplanacaq və atəşi dayandırmağa çağıracaq. bu qərarı yerinə yetirməkdən imtinaonunla nəticələnə bilər ki, təcavüzün qurbanı olan Azərbaycan sülhün pozulmasında ittihamla bərabər müxtəlif sanksiyalara məruz qala bilər. Bu qərar nəticəsində Ermənistanın müttəfiqi olan Rusiya "sülhə məcburetmə" pərdəsi altında müdaxilə edə bilər. Hələ bir çox məqamlar var ki, onlar haqqında açıq danışmaq istəmirəm. Odur ki, güc tətbiq etmək lazım gələrsə düzgün məqamı seçmək və çox sürətli nailiyyət əldə etmək zəruri olacaq. Hələlik müvafiq şərait yaranmayıb.

Malik :

-Hörmətli Rasim əfəndi! Sizə xatırladıram ki, Nizami rayonundan deputat seçilən zaman seçicilərə çox şirin vədlər verdiniz.Təəssüflər olsun ki, arzunuza çatan kimi hər şeyi unutdunuz. Növbəti seçkilərdə bir daha bəxtinizi sınayın!




-Əvvəla mən heç vaxt şirin vədlər verən adam olmamışam.Və bilirəm ki, deputatın imkanları nədən ibarətdir. Biri var ki, deputat böyük bir müəsisənin rəhbəridir, rektordur, hansısa bir biznesdən gəlib. Onların imkanları təbii məndən daha genişdir. Mən isə siyasətşünasam, bu baxımdan durum deyim ki, bağ- bostan belə, onu edəcəm, bunu edəcəm, bu yalan olar. Mən bunu desə idim, mənə inamazdılar.Düz də edərdilər. Yallnız bir vəd vermişəm ki, mənə müraciət olunanı dinləyəcəm. Kim görüşə çağırsa, həmişə hazır olacam. Mən beynəlxalq məsələlər üzrə mütəxəsisiəm və bu üzrə də öz sözümü deyəcəm. Və mən bu sahədə mənə elə gəlir ki, verdiyim vədləri həyata keçirdirəm. Mənə müraciət edən seçiciləri başımdan rədd edim , belə bir şey də yoxdur. Kiminsə mənədən xoşu gəlməyə bilər. Mən heç də bütün səsləri qazanmamışam. Narazı qalanlar da var. Bu da təbiidir.

İlkin :

-Rasim müəllim, sizi Şabran rayonuna nə bağlayır? Hazırda orada qohumlarınız yaşayırmı? Qəzənfər Musabəyovla qohumluq əlaqələriniz varmı?




-Var. Qəzənfər Musabəyov və mənim nənəm bacı -qardaş olublar. Qəzənfər Musabəyov atamın dayısı olub. 50 yaşında repressiyaya məruz qalaraq güllələnib. Bir neçə il bundan qabaq ora baş çəkmişəm. Təbii nəslimizdə indi tanınan mənəm.Gərək o diqqəti göstərəsən ki, camaat da bunu hiss etsin. Hazırda orada çox uzaq qohumlarım qalır. Heç evlərini də tanımıram. Ancaq heç zaman bu torpaqla bağlılığımı yaddan çıxartmıram. Əlimdən gələni çalışıram edim.

Kamil :

- İndi kişi kimi yaşamaq mümkündürmü?




-Kişi hər zaman kişi kimi yaşayır. Nakişi isə nakişi kimi yaşayır. Təbii, şərait dəyişilir, o kişiliyin özünün ölçüləri bir az dəyişir. Ancaq hər bir zaman kişi kişi kimi yaşamalıdır. Na kişi də özü bilər.

Ə.F.Ə :

-Rasim müəllim, salam. Siz bizim dairədən deputat seçilmisiniz. Bu 5 ildə bir dəfə də olsun Çermetə baş çəkmisinizmi? Rasim müəllim, siz yaxşı politoloqsunuz, yaxşı siyasi şərhçisiniz, ancaq inciməyin, sizdən deputat olmaz.




-Məndən də yaxşı deputat ola bilər. Demirəm ki, mən əla deputatam. Çermetdə isə yarım il bundan qabaq olmuşam. Küçədə 50-60 nəfər seçici toplaşmışdı.Onlarla görüşdük, söhbət etdik. Bir neçə problem var idi. Onların həlli ilə bağlı danışdıq.

Təbii, mənim bir deputat kimi əlimdə nə maliyyə resursum var, nə də sərəncam vermək hüququm var. Sadəcə olaraq bir millət vəkili kimi aidiyyatı olan və bu imkanlara malik olan icra strukturlarına müraciət imkanım var, çox sağ olsunlar, orada qaldırılan məsələlər tam həll olunmasa da bir qismi həll olunub. 4-5 gün bundan qabaq o yerdən uzaq olmayan Xəlil Rza küçəsində bir görüşüm oldu. Təkrar edirəm, o məsələlər bilavasitə millət vəkilinin səlahiyyətində deyil ki, qərar verim, sərəncam imzalayım. Ora gələndə, diqqət göstərəndə, o cümlədən yerli icra strukturları özlərini yığışdırırlar. Hansısa bir məsələlərdə insanlara daha diqqətli olurlar. Düşünürəm ki, bu baxımdan da görüşlərin müəyyən bir faydası var. O ki, qaldı yaxşı politoloqam, pis deputatam, işdi mən seçkiyə getməli olsam, namizədliyimi isrəli sürsəm ,sual verən vətəndaşın imkanı olacaq ki, əleyhimə səs versin.

Mansur :

- Rasim müəllimdən salam...Soruşmaq istəyirəm ki, niyə həmişə hamının bildiyi şeyləri deyirsiniz. Fərqli, orijinal, maraqlı yanaşmalarınız allah qoysa nə vaxt olacaq.




-Mən orijinal olmaq üçün çalışmıram. Bildiyimi deyirəm. Və fərz edirəm ki, insanlar tərəfindən rəğbətlə qəbul edililirəm. Birinci növbədə ki, orijinallıq üçün qaçmıram. Yalan danışmağa çalışmırm. Reallıqdan uzaq olan hansısa bir məsələləri gözə soxmaq üçün dilə gətirmirəm. Necə var, elə də qiymətləndirirəm. Tək biliyim yox, eyni zamanda təcrübəm də böyükdür. Orijinallığın dalınca yeni siyasətşünaslar qaçsınlar. Mənim üçün birinci növbədə insanların etibarı, inamıdır.

Şahanə RƏHİMLİ

Nuron Məmmədov

Teqlər: