Avropa Oyunları: xərcləri və səmərəsi - TƏHLİL

Avropa Oyunları: xərcləri və səmərəsi - TƏHLİL
  08 May 2015    Oxunub:15387
İlk Avropa Oyunlarının başlanması tarixi yaxınlaşdıqca, bu möhtəşəm hadisənin Azərbaycanda baş tutacağı faktına sevinənlər ilə ona ikrah hissiylə yanaşanlar arasında mübahisə və müzakirələr qızışır. Maraqlıdır ki, məsələnin ilk gündən indiyə qədər iqtisadi tərəfləri və bu sahədə mövcud, o cümlədən gözlənilən arqumentlər daha çox araşdırılır.

Belə ki, bəziləri ölkəmizdə keçiriləcək bu tədbirə nəzərdə tutulandan artıq vəsait xərçləndiyini və xərclərin ödənilməyəcəyini, digərləri isə görülən işlərin rentabelli olacağını söyləyirlər. Bəs, əslində vəziyyət necədir? “Bakı-2015”-ə nə qədər vəsait xərclənmişdir? Və Avropa Oyunları Azərbaycana gəlir gətirəcəkmi? Ümumiyyətlə, bu tədbirin ölkəmizə xeyri nədən ibarət olacaq?

Qitə səviyyəli bu cür kütləvi tədbirlərin və yarışların bütün istiqamətlərdə əhəmiyyəti böyükdür. İqtisadi yüksəlişə və siyasi sabitliyə sahib ölkələrin belə tədbir və yarışlara ev sahibliyi həyata keçirməyə çalışması da bundan irəli gəlir. Bu cür tədbirlərin keçirilməsi böyük məbləğdə maliyyə vəsaitləri tələb etsə də, sonda iqtisadi yüksəlişin daha da sürətlənməsi və ümumi daxili məhsul (ÜDM) istehsalı həcminin artmasına gətirib çıxarır. Bu mənada, bəziləri məsələyə çox bəsit yanaşır və Avropa Oyunları keçirilib başa çatan kimi dərhal “möcüzə” baş verəcəyini gözləyirlər. Halbuki, söhbət dərhal müvafiq nəticə əldə olunacağından getmir və gedə də bilməz.

Bu tədbir ilk dəfədir həyata keçirilir. 2012-ci ilin dekabrın 8-də İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi və bunun da məhz Bakı şəhərində təşkil olunması haqda qərar qəbul edilməsi böyük etimad idi. Bundan əlavə, ölkəmizin ev sahibliyini həyata keçirməsi üçün hazırlıq işlərinə olduqca az vaxtı var idi. Odur ki, Azərbaycanın bu sahədə xərclərinin çox olması qaçılmaz idi.

Məsələn, sözügedən yarışlar Avropanın hər hansı bir yüksək inkişaf etmiş bir ölkəsində keçirilsə idi, onlarda tələb olunan müvafiq infrastruktur artıq mövcud olduğundan xərclər bizdəkindən 50%-dən də aşağı təşkil edəcəkdi. Bundan sonrakı Avropa Oyunlarının Hollandiyada keçirilməsi ehtimalı var və indidən bəllidir ki, orada bütün zəruri infrastruktur mövcuddur.

O ki qaldı “Bakı-2015”-ə nə qədər vəsait xərclənməsi məsələsinə, ölkəmizdə təkcə bu ilin dövlət büdcəsindən sözügedən tədbirlə əlaqədar keçən ildəkindən az qala 400 milyon manat çox – 1 milyard 336 milyon manat vəsait ayrılıb ki, bu haqda 2015-ci ilin dövlət büdcəsi haqda qanununun tədbiq olunması barədə ölkə başçısının Fərmanında aydın göstərilib.

Keçən ilin eyni adlı sənədində isə bu rəqəm düz 1 milyard manat təşkil edirdi. 2013-cü ilin dövlət büdcəsində isə bu haqda məlumat yoxdur. Çünki Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında Avropa Oyunlarını Bakıda keçirmək haqda qərar qəbul etdiyi zaman növbəti ilin dövlət büdcəsi artıq qəbul olunmuşdu.

Deməli, təkcə son 2 ili nəzərə alsaq təxminən, 2,5 milyard manat dövlət vəsaiti xərclənib ki, bütün bu xərclərin həyata keçirilməsi nəticəsində görülən işlər isə göz qabağındadır. Məsələn, təkcə Bakıda tikilmiş 65000 tamaşaçı tutumu olan futbol stadionu Avropada ən müasir idman infrastrukturlarından sayılır.

Bu mənada, sözügedən tikilinin verəcəyi səmərəni konkret olaraq məhz Avropa Oyunlarına bağlamaq və bundan gözləmək şübhəsiz ki, sadəlöhvlük olardı. Bu kimi infrastruktur obyektlər Azərbaycanda bütövlükdə xidmət sektoruna möhtəşəm bir töhfə sayılır. Və onun verəcəyi səmərə təkcə, qarşıdakı tədbirə hesablanmayıb.

Ümumiyyətlə isə, Avropa Oyunları Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək. Buraya daxildir: turizm, xidmət sektoru, bank xidməti, rabitə, ticarət və sair. Bütün bunlar isə son nəticədə yuxarıda da qeyd etdiyimiz kimi, ÜDM-in artması ilə nəticələnəcək. Ancaq, hər bir sfera üzrə konkret nə qədər gəlir götürüləcəyini isə indidən söyləmək çətindir və başqa sözlə desək, mümkün deyil.

Lakin bir cəhət aydındır ki, bütün qeyd olunan sahələrdə dövriyyə sürətlənəcək, ölkəyə valyuta axını müşahidə ediləcək. Belə ki, nəğd pul, ümumiyyətlə maliyyə bazasının artması qeydə alınacaq ki, indiki məqamda bunun nə demək olduğu kifayət aydındır. Bundan əlavə, elə sahələrdə dövriyyə sürətlənəcək ki, bunun nəticəsi sonra üzə çıxacaq. Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında hazırda bir durğunluq hökm sürür, istehsalı, ixracı artırmaq üçün yollar axtarılır. Bizim ölkə isə bu mənada çox əlverişli bazardır.

Bu baxımdan, Avropa Oyunları zamanı ölkəmizin cəlbediciliyinə nail olduğumuz zaman çalışmalıyıq ki, hazır məhsul idxalına deyil, məhz investisiya axınlarına nail olaq. Bunun üçün isə əlverişli imkanlar yaranacaq. Oyunlara 50-dən çox ölkədən 6 min idmançı gələcək ki, ölkəmizin iqtisadi potensialını tanıtmaq və reklam üçün bundan gözəl vasitə ola bilməz.

Sözün qısası, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi nəticəsində taktiki və cari deyil, starteji xarakterli iqtisadi səmərə daha çox olacaqdır ki, bunu da daha çox sonrakı illər ərzində hiss edəcəyik.

Avropa Oyunları bir sirk və teatr tamaşası, o cümlədən bu və ya digər konsert proqramı deyil ki, 600 min bilet satışı ilə öz xərcini dərhal ödəsin və qoyulan xərclər də artıqlaması ilə geri qayıtsın... Bu, Azərbaycanın gələcəyi üçün çox böyük dividentlər vəd edən bir tədbirdir ki, xərcləri nəinki havayı getməyəcək, hissə-hissə artıqlaması ilə geri qayıdacaq.


Pərviz Heydərov
AzVision.az üçün


Kollaj: Turan Ramazanlı


Teqlər:





Xəbər lenti