Bizim qarpız fəlsəfəmiz – Aqşin Yenisey

Bizim qarpız fəlsəfəmiz – Aqşin Yenisey
  27 Avqust 2015    Oxunub:11734
Nə hikmətdirsə, xalqımız heç vaxt qarpız seçimini taleyin ixtiyarına buraxmayıb. Tanrı da bağışlasın, əzizimizdir, iki gözümüzdür, amma biz qarpız seçəndə öz iradəsini, alın yazısını-zadı özünə saxlasın, bu seçimdə bizdən heç kim güzəşt gözləməsin.

Sənə deyim, qarpız seçmək də hər kişinin hünəri deyil, biz tərəflərdə qarpız seçməyi bacaran kişilər el arasında mövsümün Dalay Lamaları kimi bir şeydilər. Bir çırtma ilə istənilən qarpızın daxili aləmindəki vəziyyəti elə dəqiq müayinə edirlər ki, heç bir ultrasəs müayinə cihazı insanın içalatını belə sərrast göstərə bilməz.

Biz büllurun saflığını, musiqinin avazını, başdakı ağlın dərinliyini də çırtma səsiylə tanımışıq. Düzdür, hətta elə təcrübəli qarpızseçənlər var ki, çırtmasız da əlli-altmış metrdən baxan kimi qarpızın kalını yetişənindən qızılquş kimi ayırd edə bilir. Yetər ki, gözünü bir balaca qıyıb qarpıza yanpörtü baxsın. Amma çırtma nəsillərin sınağından çıxmış təcrübə olduğu üçün, çoxları bu üsula üstünlük verir. Hətta inişil bizim kəndlərin birində bir ağsaqqal təklif etmişdi ki, bələdiyyə sədrini də çırtmayla seçsinlər, kişi dəryazdan gəlib tərli-tərli su içdiyinə görə rəhmətə getdi, ideya baş tutmadı.

O gün məhlədəki qarpızsatan kişi seçməkdə çətinlik çəkdiyim qarpızları sirli bir varlıq kimi qulağına tutub, dinləyə-dinləyə mənə deyir ki, bekar olanda telefonda saytınıza ( yəni Kirpi.info-ya ) baxıram, bəs karikaturasını çəkdiyiniz adamların sifətini niyə özlərinə oxşatmırsınız? Sözün düzü, bu kişidən əvvəl bir neçə itoynadan da soruşub ki, niyə karikaturalarda ümumi simaları çəkirsiniz?

Hətta keçən həftə cəmisi bir dəfə qatarda yol yoldaşlığı etməyimizə baxmayaraq, məni yeznəsinin əmisi oğlunun, bibisinin ilk nəvəsinin sünnət toyuna çağıran məcburi dostum da toyda yeyib-içib qanqaraçılıq saldı ki, bəs siz qorxunuzdan karikaturalarda adamların üzünü çəkmirsiniz, sonra içkinin təsirindənmi, karikatura sənətinə olan təəssübkeşliyindənmi birdən-birə lap əsəbiləşdi ki, “vapşe” qorxaq adam mənim qapımda nə sülənir? Dur, bas bayıra bu həyətdən!

Şığıdı üstümə ki, vursun, tutdular. Ancaq macal tapıb samovarın dəmkeşində dəm alan qaynar çayniki arxamca tolazlaya bildi. Onu saxlayan kəndlilərin qolları arasından bağırırdı ki, buraxın, bu düdüyü öldürüm. Anam namaz üstə imiş, yoldan qoyun alverçilərinin yük maşını keçirdi, kəndlilər tez məni itqusdu edib, qoyunların arasına atdılar və sürücüyə çığırdılar ki, ədə, tez sür, Əliqardaşı gücnən saxlamışıq, tutsa bunu doğrayacaq. Ta rayon mərkəzinə kimi satlıq qoyunların arasında oturdum. Yol gedə-gedə maşının təkərləri çala-çökəyə düşür, qoyunlar özlərini saxlaya bilməyib sağa-sola yırğalanır, üstümə qığlayırdılar. Yolboyu fikirləşirdim ki, gərək üstümdə bıçaq götürərdim, Dədə Qorqud dastanındakı Basat Təpəgözün mağarasından qoyun dərisinə bürünüb xilas olduğu kimi, mən də burdakı qoyunlardan birini yarıb dərisini başıma geyinib bazardan sağ-salamat uzaqlaşardım.

İndi istəyirəm bu “niyə üzünü çəkmirsiniz” sualına birdəfəlik cavab verim ki, bir də xeyirdə-şərdə qanqaralıq düşməsin. Demək, soruşursunuz ki, niyə karikaturalarda adamların öz üzlərini çəkmirik? Lap yaxşı, icazə verin, danışım.

Demək, iki həftə bundan əvvəl orta məktəb şagirdləri üçün öz aləmində, guya, dərslik yazmış, əslində isə azyaşlı uşaqlara doqquz iqlim qurşağına, başıqarlı dağlara, keçilməz meşələrə, durnagözlü bulaqlara-zada kor-koranə yaltaqlanmağı təbliğ edən, əlindəki qələmi yorğan qıyığı kimi tutub, əsl vətəni insandan çox uzaq boz və boş bir məhfum kimi onların ağ beyninə sırıyan Cırtulla müəllimin karikaturasını çəkmişdik. Çarxı çevrilən işçilərimizdən biri götürüb facebook səhifəsində status yazıb ki, ay camaat, sabah Cırtulla müəllimin karikaturası bizim saytda. Heç kimin də bundan xəbəri yox.

Səhər elə təzəcə kompüterlərin yağına-suyuna baxıb, xoda salmışdıq ki, redaksiyanın qapısından beş-altı idmançı gövdəli gədə girdi. Özlərini maşın kimi sürüb qabağımızda dalbadal saxladılar. Hamısı da qara eynəklərini yaxası göbəyəcən açıq olan gəndələş şəkilli yay köynəklərinin düyməsindən asmışdılar. Şalvarlarının lifəsindən sallanan gümüş açar topası o demək idi ki, biz sizin kimi vələmyesir deyilik, hamımızın maşını var. Hamısı da başını sağa-sola hərləyib boyunlarının sümüklərini şıqqıldadırdılar; bir xeyli sür-sümük səsi altında bir-birimizə baxdıq.
- Nə təlxəklik eləyirsiz burda, o nə şəkildi çəkmisiniz? – nəhayət, onlardan biri sağ yumruğunu sol ovcuna var gücüylə vurub dedi.

Söhbət başladı. Məlum oldu ki, bunlar Cırtulla müəllimin bibisi nəvələridir. Bizdən kişinin karikaturasını tələb etdilər. Əvvəl çəkdiyimizi boynumuza almadıq, ancaq ən arxadakı, deyəsən, bizdən əvvəlki dava-dalaşda bağırmaqdan səsi batmış, əsəbindən gözləri qızarıb şişən gədə dişlərini qıcayıb xısıldadı ki, basaq maşına bu dibələyləri, aparaq “söhbət eləyək”. Gördük tikanın ucu tozludur, şəkli çəkdiyimizi, sonra isə cırıb zibilliyə atdığımızı etiraf etməli olduq. Bunu eşidən kimi onlardan biri masaya dalbadal iki təpik ilişdirdi ki, siz kimsiniz, Cırtulla müəllimin şəklini cırıb zibilliyə atırsınız, davay, üçünüz də zibilliyə! Axtarın tapın!

Ancaq içlərindən biri ağıllı çıxdı. Dedi, əgər siz Cırtulla müəllimin şəklini çəkə bilirsinizsə, deməli, biz gedəndən sonra yenə çəkəcəksiniz. Əlim-ayağım dəyməmiş o bizdən sonra çəkəcəyiniz şəkili də indi çəkib gözümüzün qabağında cırın, biz bir də bura qayıtsaq, eşşəyiniz öldü.

Məcbur qalan karikaturistimiz daha bir Cırtulla çəkdi. Pah! Gədələr şəkli görüb quyruğunun altına istiot tökülmüş şir kimi nərə çəkdilər, divarları yumruqladılar. Yapışdılar karikaturistin yaxasından ki, bu nə qulaqlardır çəkmisən Cırtulla müəllimin kəlləsinə, bu nə burundur, bu nə bığdır? Cırtulla müəllim, özü də keçəl? Yenə o ağıllı araya girdi ki, bu Cırtulla müəllim deyil, görmürsüz çənəsi nə uzunluğundadır? Cırtulla müəllimin ağzında bir dənə ağ diş yoxdu, hamısı qızıldı. Amma yenə də şəkli cırmaq lazımdı. Ağıl dəryasının sözündən sonra hamısı alıb yenidən bir-bir karikaturaya baxdılar və yekdil qərar bu oldu ki, bu şəkildəki Cırtulla müəllimin heç dırnağı da ola bilməz, amma yenə də hər ehtimala qarşı, şəkli cırıb otağa səpdilər. Gedərkən dava-dalaşdan səsi batmış gədə yaxınlaşıb üzümü çimdiklədi və xısıldadı ki, ağıllı olun.

Onlar gedəndən heç yarım saat keçməmişdi ki, bu dəfə qapıda müasir dünyanın suda-quruda yaşayan nəhənglərindən biri göründü. “Ə, sizsiz o fotoşokçular?” – deyib, sağ pəncəsi ilə parketi eşməyə başladı. Birdən gözü yerdə Cırtulla müəllimin qulağına sataşdı. Dağ boyda pəzəvəng o dəqiqə Faiq Ağayev boyda oldu, diz çöküb yerdən Cırtulla müəllimin cırıqlarını əvdiləməyə başladı; ovcunun içində kişinin qulağını gözünə, gözünü burnuna tutuşdurub baxa-baxa hönkürdü, lakin qəfildən arxa ayaqları üstə şahə qalxıb dastan atları kimi kişnədi. Bir də baxdıq ki, qarşımızda nəhəng bir kentavr dayanıb.

Kentavr kişnəyə-kişnəyə, döşəməni dırnaqlaya-dırnaqlaya içindəki səsgücləndirici vasitəsilə yuxarıdan aşağa söylədi ki, mənim böyük qardaşımın şəklini cıranların başını çeynəyəcəyəm. “Bu şəkli kim cırıb?” – kentavr bunu deyib otaq boyunca dördnala çapmağa başladı. Hətta səhnənin daha da təbii alınması üçün Zevs şəxsən özü tavanda iki-üç şimşək də çaxdırdı. Yadıma allahları daha çox hiylə yoluyla məğlub eləyən Heraklın on iki qəhrəmanlığı düşdü. Dedim a bəy, sizdən əvvəl Cırtulla müəllimin bibisi nəvələri gəlmişdilər, şəkli onlar cırdılar ki, heç kimin əlinə keçməsin. Kentavr bunu eşitcək dəlicəsinə fınxırdı və filmlərdə olduğu kimi özünü pəncərənin şüşəsinə çırpıb ikinci mərtəbədən yerə atdı, onların arxasınca götürüldü.

Xəzərdən doğan günəş Azərbaycanın hansısa ucqar kəndinin arxasında özünün bir günlük şöhrətinin son anlarını yaşayır və paytaxtda işdən arğın-yorğun çıxmış adamların çoxdan unutduğu bir tənhalıqla batırdı. İnsanlar yatmağa tələsirdi; kimisi başqaları ilə, kimisə də həmişəki kimi özüylə. Biz redaksiyadakı çaynikin dibində qalan rəngi getmiş çay tifilinin üstünə qaynar su töküb, həyatımızdakı növbəti günün son aldanışını qeyd etmək üçün özümüzü həqiqətən də çay içdiyimizə inandıra-inandıra oturub, sanki, xəstə yarası yuyulmuş sarı rəngli ilmanqı su içirdik.

Bu vaxt üzündə qaşının üstündən sol yanağını ayparaşəkilli ikiyə bölüb çənəsinin ucunda qurtaran dərin çapıq olan, boynuna kənd qızlarının hörüyü yoğunluğunda qızıl zəncir keçirmiş bir kişi qapının ağzında göründü. Ağır-ağır keçib oturdu. Bir-bir sifətimizə baxdı, cibindən bir ovuc mismar çıxarıb masanın üstünə tökdü və tum kimi çırtlamağa başladı.

Uşaqlardan biri qorxa-qorxa durub ona çay süzdü. Adam fincanın qulpunu dişləyib çayı qənd əvəzi onunla içdi. Sonra cibindən 50 qəpiklik çıxarıb iki barmağının arasında sıxdı, masanın üstünə tullayanda gördük ki, 50 rəqəmi pozulub. Sonra üzünü qapının arxasına tutub fit çaldı. Dərhal arxadan əyinlərində idman şalvarından başqa bir şey olmayan iki oğlan otağa bir neçə pəhləvan daşı gətirdi. Üzü çapıqlı kişi yerindən qalxıb bizim qabağımızda ağır daşları atıb-tutmağa başladı. O, daşları bacardıqca yuxarı atır, sonra isə çiyni ilə bir-bir vurub döşəməyə salırdı.

Sonra oğlanlar daşların hamısını bir dəsmala bağladılar, çapıqlı kişi onları dişində qaldırıb dik saxladı. Daha sonra hər iki gənc yeddi-səkkiz butulkanı dəstərxanın üstündə sındırıb səliqə ilə döşəməyə sərdilər. Çapıqlı cəngavər köynəyini soyunub kürəyi üstə qırıq şüşələrin üstünə uzandı, oğlanlar isə onun sinəsinin üstünə çıxıb atılıb-düşməyə başladılar. Axırda kişi ayağa durub kürəyini bizə tərəf çevirdi, yəni baxın, mənə şüşə-zad batmır. Daha sonra armatur gəldi, sonra hardansa davulçi ilə zurnaçı peyda oldu, gənc oğlanlar redaksiyanın ortasında otağın o başından-bu başına kəndir çəkdilər, çapıqlı pəhləvan əliyalın çıxıb kəndirin üstüylə yeriməyə başladı.

Onun fikrinin kəndirdə olduğunu görüb yanımızda dayanmış şəyirdlərindən soruşdum ki, bu kişi kimdi, niyə kəndirin üstünə çıxıb, niyə mismar yeyir, dişiyə armatur əyir, bütün bunlara nə ehtiyac var? Oğlan cavab verdi ki, bu adam Cırtulla müəllimin Rusiyada yaşayan yeznəsidir, burdan zəng vurub çağırıblar ki, Cırtulla müəllimi kimsə qəzetdə biabır eləyib, durma gəl. Ona dedilər ki, Cırtulla müəllimi biabır edənlər sizsiniz, indi sizinlə haqq-hesab çəkməyə gəlib. Hamımız sarımızı udmuşduq.

Çapıqlı pəhləvan kəndirin üstündə hoppanıb yanımıza gəldi. Əngini pələng kimi geniş açıb gərnəşdi, lakin birdən masanın üstünə baxıb: “Mən də ondan istəyirəm, mən də ondan istəyirəm” – deyib ayaqlarını yerə döyə-döyə ağlamağa başladı. Hamımız mat-mat onun barmağı ilə göstərdiyi səmtə baxdıq. Masanın üstündə uşaqların bekar vaxtlarda A-4 kağızından düzəltdiyi əyri-uyrü gəmidən və beş-altı Ukrayna karamelindən başqa heç nə yox idi. Əcəba, çapıqlı pəhləvan konfet üçünmü ağlayırdı?

Masanın üstündən iki konfet götürüb pəhləvana uzatdım, o, bunu görüb daha bərkdən ağlamağa başladı: “Yox, ondan istəyirəm, qənfet istəmirəm”. Masanın üstündə yalnız kağız gəmi qalmışdı, onu götürüb pəhləvana verdim. Səsi xırp kəsildi. Gəmini alıb döşmənin üstündə dirsəkləndi və üzdürməyə başladı. Sonra qalxıb şərt kəsdi ki, əgər ona kağızdan çoxlu gəmi, quş, təyyarə düzəltsək, bizi döyməyəcək. O, kağızdan düzəldilib dalbadal qabağına atılan təyyarələri, gəmiləri, quşları gördükcə, tüklü Kinqkonq balası kimi atılıb-düşürdü. Sən demə, onun ən böyük uşaqlıq arzusu kağızdan oyuncaqlarının olması imiş, atası dəmirçi oğlu olduğuna görə ona indiyədək kağız-kuğuzla oynamağı qadağan edibmiş.

Üzünü oxşatdığımız, amma hələ çap etmədiyimiz bir karikaturaya görə urcah olduğumuz bu mifik, sürrealist, abstraksionist başagəldidən sonra hansı ağıllı portret karikaturalar çəkmək eşqinə düşər. Üstəgəl, dinimiz də üz çəkməyi günah buyurub.


Teqlər:  





Xəbər lenti