30 iyunu unudaq!

30 iyunu unudaq!
  28 İyun 2013    Oxunub:1704
Vüsal Məmmədov

Mən 30 iyunun Sevgililər Günü olmasının qəti əleyhinəyəm. Səbəb çoxdur. Ən vacib gördüyüm birinin üstündə dayanmaq istəyirəm.
Əvvəla, binayi-qədimdən, Nuh Nəbi əyyamından başlayaraq, bu xalqın təsəvvüründə nəyə görəsə belə bir anormal, şablon sxem var ki, sevginin axırı mütləq bədbəxtçiliklə qurtarmalıdır. Sevənlərdən biri, ya ideal halda elə ikisi də bədbəxt olmalı, ölməlidir. Kərəm yanmalıdır, Məcnun ağlını itirib səhrada çürüməlidir, Aşıq Qərib qəribçilikdə ömrünü bada verməlidir... bir sözlə, rahat və xoşbəxt sevgi ola bilməz. Heç bir halda happy-end mümkün deyil. Mümkün olsa da, o qədər əzab-əziyyətdən sonra olacaq ki, sevgi adamın burnundan gələcək.

Yəni, bizim milli təfəkkürümüzdəki sevgi anlayışı rahatlıq yox, əzab, qovuşmaq yox, ayrılıq, həyat yox, ölüm üzərində qurulub. Belə bir sxem yoxdur ki, iki nəfər bir-birini sevir, qovuşur, birlikdə rahat ömür sürürlər... Yox! Sevdilərsə, mütləq zülm çəkməlidirlər!

Niyə?! Sevgi mütləqmi ölüm-itim, qırğın- qiyamət, dava-dalaş, qan-qeysan, Leyli-Məcnun, Əsli-Kərəm, İlham-Fərizə olmalıdır?
Səhv eləmirəmsə, Söhrab Tahirdə belə bir misra var idi:
“Məgər bu dünyada yaşaya bilməz
İnsanın adi bir insan sevgisi?!..”


Məsələ bundadır: adi insan sevgisi! Niyə axı sevən mütləq ölməlidir, yanmalıdır, intihar etməlidir? Niyə adi insan kimi sevib, qovuşub, xoşbəxt yaşamasın ki?

Biz, elə bil, sevənləri bir-birinin uğrunda ÖLMƏYƏ səsləyirik. Amma sevənləri bir-birinin uğrunda YAŞAMAĞA səsləmək lazımdır! Sevgi – həyat olmalıdır, sevgi – rahatlıq, xoşbəxtlik olmalıdır; sevgi – insanın həyatına gözəllik, sevinc gətirməlidir, üzünü güldürməlidir. Ağlatmalı deyil. Belə düşünmək lazımdır. Amma bizim təfəkkürümüzdə belə bir anormal stereotip var ki, sevgi mütləq iztirab gətirməlidir: “Hər kimsə ki, aşiqdir, işi ahü-fəğandır”.

Bu, səhv düşüncədir! Ona görə də, yanaşmanı dəyişmək lazımdır. Dekadans təfəkküründən, ahü-fəğandan qurtulmaq gərəkdir. Sevgini xoşbəxtlik kimi görməyi öyrənməyimizin zamanıdır.

Ona görə də, İlham və Fərizə mövzusunu sevgi ilə əlaqələndirməyin əleyhinəyəm. Bu, başqa söhbətdir. Ola bilər ki, Fərizə həqiqətən də çox sevib. Amma onun hərəkəti örnək olası bir hərəkət deyil. İndi sabah hamilə bir qadının sevdiyi əri həlak olarsa, o damı özünü öldürməlidir? Biz Fərizə örnəyini bütləşdirməklə, sevginin simvoluna çevirməklə sanki üstüörtülü şəkildə bütün gənc xanımlardan bunu tələb edirik: “Görürsən, Fərizə sevirdi, özünü öldürdü. Sən özünü öldürməsən, deməli sevmirsən”. Belə olmalı deyil!
Üstəlik, Fərizə təkcə özünə qıymayıb axı, İlhamın dünyada qalacaq yadigarına da qıyıb.

Təklif edirəm ki, sevənləri yaşamağa, xoşbəxtliyə, yaşatmağa səsləyən bir gün verək onlara. Ya da heç lazım deyil – bütün günlər sevməyi bacaranların olsun. Bu, bəlkə daha yaxşıdır. Amma hazırkı dekadans təfəkküründən, ah-vay eşqindən, şaxsey-vaxsey sevisindən qurtarmaq vaxtıdır.


Teqlər:  





Xəbər lenti