Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Fransa rəhbərinin belə qalmaqallı qərar verməsi bir sıra suallar doğurur. Maraqlıdır, indiki mürəkkəb geosiyasi vəziyyətdə Makronun Fələstini dövlət kimi tanımaq istəməsində məqsəd nədir?
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, Makronun son zamanlar belə qəribə qərarlar verməsi təsadüfdən yaranmır.

- Məsələyə bir qədər dərindən yanaşmaq lazımdır. Əvvəla, Makronun həm daxili, həm də xarici siyasəti fiaskoya uğrayıb. Onu Afrikadan qovurlar... Eyni zamanda, Fransanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe də nəticə etibarı ilə siyasətçinin məğlubiyyəti ilə yekunlaşmaq üzrədir. O, son zamanlarda burnunu Cənubi Qafqaza da aktiv şəkildə soxmağa başlayıb. Amma uğursuz siyasətçini Afrikada olduğu kimi bu regionda da gözləyən yoxdur. Təbii ki, bircə Ermənistan Makrona qucaq açır. Ermənistan isə artıq real şəkildə iki stulda əyləşməyə başlayıb. İrəvan rəsmiləri yaxın zamanlarda Moskvanı su yoluna çevirəcəklər. Onlar daha Parisə, Makronun yanına deyil, Moskvaya tez-tez gedəcəklər. Çünki Rusiya-Ukrayna müharibəsinin nəticələri, xüsusən də ABŞ prezidenti Trampın rusiyalı həmkarı ilə apardığı danışıqlar, ikitərəfli görüşlər Makronun regionumuzdakı müttəfiqini xeyli qayğılandırıb. Belə olan vəziyyətdə Fransa Cənubi Qafqazdan tam sıxışdırılacaq. Makron belə bir uğursuz xarici siyasət fonunda Fələstinin müstəqilliyini tanımaqdan danışmağa başlayır. Onun ortaya atdığı fələstinlilərlə bağlı müstəqillik ideyası müəyyən mənada itirilmiş nüfuzunu müsəlman dünyasında bərpa etməyə hesablanıb.
![]() |
“Get tullan!” – Netanyahunun oğlu Makrona cavab verdi |
Elman Nəsirovun fikrincə, müstəqillik ideyası Makronun uzaqgörən strateji niyyətlərindən irəli gəlmir. Çünki onun bütün niyyətləri nəticədə puç olur. Məhz bu səbəbdən siyasətçinin ölkə daxilindəki reytinqi son dərəcə aşağı düşüb. Hətta bəzi fransız ekspertləri belə hesab edirlər ki, 5-ci respublikanın tarixində heç bir prezidentin reytinqi Makronunku kimi aşağı olmayıb: “Mütəxəssislər uğursuz siyasətçini bu baxımdan etalon kimi də təqdim edirlər. Bir sözlə, Makronun Fələstin dövlətinin tanınması ideyasına loyal mövqe sərgiləməsi fransız liderin daha çox Trampla olan ziddiyyətləri ilə bağlıdır”.

Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli isə Fələstin məsələsinin beynəlxalq arenada daha çox həssas mövzuya çevrilməsinə diqqət çəkib. Fransız siyasətçi isə məhz bu amildən yararlanmağa çalışaraq beynəlxalq ictimaiyyətin gözündə ədalət tərəfdarı kimi görünməyə çalışır. Müstəmləkəçiliyi ilə ad çıxarmış Fransanın birdən-birə müstəqillik carçısı, Fələstin dövləti ideyasının daşıyıcısına çevrilməsinin arxasında Makronun şəxsi maraqları dayanır. Siyasi şərhçi son zamanlar ABŞ-nin Avropaya artan təzyiqi, xüsusən də rəsmi Parisin Vaşinqtonla soyuq münasibətlər sərgiləməsini də xatırladıb: “Belə bir gərgin siyasi-diplomatik fonda Makronun çıxıb İsrailin əleyhinə qərar verəcəyik deməsi təsadüfdürmü? Əlbəttə yox. İsrail uzun müddətdir ki, terrorçu təşkilat kimi tanıdığı HƏMAS-la gərgin döyüşlər aparır. İndi isə ümumiyyətlə bu təşkilatı bölgədə tam sıradan çıxarmağa çalışırlar. İsrailin vurduğu son hərbi-siyasi zərbə daha qanlı və amansız oldu. Yəni vəziyyət heç də sabit və asan həll olunan deyil. Sual yaranır, bu konflikt ilə bundan sonra kim və necə məşğul olacaq? Dövlət kimi tanıyaq demək asandır. Bəs indiki gərginliyi necə azaldacaqsınız? İki xalqın arasında yaranmış düşmənçiliyi aradan qaldırmaq, hərbi prosesləri nizama salmaq da bir nömrəli məsələdir.
Bir daha deyirəm ki, siyasətçilər, ölkə liderləri ilk növbədə bu detallardan başlamalıdırlar. Makron çox söz deyə bilər. Hərdən Türkiyə lideri Ərdoğan Fələstin xalqı üçün dəfələrlə çağırışlar etsə də, 26 ərəb dövlətindən aşağı tonda olsa belə dəstək səsi çıxmadı. Makronun birdən-birə ortaya atdığı ideyaya ərəblər hə deyəcək? Bir sözlə vəziyyət çox qarışıqdır. Makronun Donald Trampla münasibətlərinin soyuqlaşması da onun bu ideyanı ortaya atmasına əsas səbəb sayıla bilər. İndi dünyada elə proseslər gedir ki, kimsə sabaha dair dəqiq proqnoz verə bilmir. Makron Avropa Birliyinə də təsir gücündədir. Təşkilat artıq İsraili günahlandırıb, Təl-Əvivi qırmızı xətləri keçməkdə ittiham edir. Hazırda regionda tank, top, raketlər danışır, Makrona isə qulaq asan olmayacaq”.
Tural Tağıyev
AzVision.az