Şiə-sünni toqquşması bizi niyə narahat edir? - ŞƏRH

Şiə-sünni toqquşması bizi niyə narahat edir? - ŞƏRH
  12 Yanvar 2016    Oxunub:4772
Prezident İlham Əliyev 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunub. Ölkə başçısı çıxışı zamanı Türkiyə-Rusiya, eləcə də Səudiyyə Ərəbistanı-İran gərginliyindən söz açaraq, bu ölkələr arasında baş verən hadisələrdən narahat olduğunu diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir.
İran-Səudiyyə Ərəbistanı qarşıdurması Azərbaycanı niyə narahat edir?



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, iki dövlət arasında münasibətlərin daha da gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyil:

“İran qonşu dövlətdir, Səudiyyə Ərəbistanı ilə Azərbaycanın çox sıx strateji münasibətləri var. Səudiyyə Ərəbistanı üç dövlətdən biridir ki, Dağlıq Qarabağın işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Ötən il Səudiyyə Ərəbistanı Yəmənə hərbi müdaxilə edəndə beynəlxalq aləmdə tənqidlə qarşılaşdı. Ancaq, Azərbaycan prezidenti İlham Əliyev aprel ayında Səudiyyə Ərəbistanına səfər etdi. Əlbəttə, bu iki dövlət arasında münasibətlərin daha da gərginləşməsi Azərbaycanın maraqlarına uyğun deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, həm İranın, həm də Səudiyyə Ərəbistanının Azərbaycanda müəyyən maraqları var. Bu iki dövlət bölgədə qarşıdurma içərisindədirsə, deməli, Azərbaycandakı maraqları da kəsişə bilər.

Hesab edirəm ki, prezident İlham Əliyev bu baxımdan qeyd etdi ki, təkcə İran-Səudiyyə Ərəbistanı deyil, Rusiya-Türkiyə münasibətlərinin də pisləşməsi Azərbaycanı haqlı olaraq narahat edir”.



Politoloq qeyd edib ki, İran özünü şiə, Səudiyyə Ərəbistanı isə sünni dünuyasının lideri sayır: “Suriyadakı müharibə bir növ məzhəb müharibəsinə çevrilib. Eyni zamanda bölgənin digər dövlətlərində də məzhəb qarşıdurması güclənib. Bu baxımdan İran şiə dövlətlərində öz mövqelərini gücləndirməyə çalışır. Bu da Səudiyyə Ərəbistanının maraqlarına cavab vermir. Ona görə də bölgədə məzhəb qarşıdurması var.

Doğrudur, Azərbaycanda əhalinin böyük bir hissəsi şiədir. Amma, Azərbaycan tolerant ölkədir. Yəni, biz məzhəb maraqlarından çıxış etmirik. Buna baxmayaraq iki dövlət arasında məzhəb qarşıdurmasının Azərbaycana da mənfi təsirləri ola bilər. Çünki, Azərbaycanda bir qrup şiə İranın siyasətini bəyənirsə, son zamanlar ölkədə sələfi cərəyanı da xeyli güclənib. Həmin cərəyana bağlı insanlar da Səudiyyə Ərəbistanın yeritdiyi siyasəti dəstəkləyə bilər”, - E. Şahinoğlu əlavə edib.

Politoloq Arzu Nağıyev isə düşünür ki, İran-Səudiyyə Ərəbistanı gərginliyinin artması ərəb ölkələri koalisiyasının yaranması ilə daha da dərinləşib: “Bu koalisiyanın yaranması ABŞ-ın ideyası idi. Koalisiya təbii ki, nə İranı, nə də Rusiyanı razı sala bilməzdi. Əsas məsələlərdən biri də Səudiyyə Ərəbistanının Türkiyəyə 600 milyon dollardan çox sərmayə yatırması ilə bağlı açıqlaması oldu. Rusiya-Türkiyə gərginliyinin pik vəziyyətində Türkiyəyə belə bir jest edilməsi Rusiyanın tənəzzülü deməkdir. Məhz buna görə də Rusiya İran və Ermənistanla müttəfiqliyini daha da gücləndirəcək”.



Politoloq hesab edir i, Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarında silah və canlı qüvvəni artırması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç də müsbət hal deyil.
“Regionda yeni münaqişə ocağının yaranması Dağlıq Qarabağ konfliktinin həllinə ancaq mənfi təsir göstərəcək. Belə bir vəziyyətdə Rusiya ya münaqişənin həllini Ermənistan xeyrinə uzatmalı, ya dakonkret addım atmalıdır. Düşünürəm ki, Tehranın bütün addımları məhz Rusiyanın özünün həyata keçirə bilmədiyi ideyalar üçün bir bəhanədir”, - deyə A. Nağıyev vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti