` Ədalətli qərar dövlətə inamı artırır` - Ramiz Rzayev
O vurğulayıb ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan məhkəmə sistemi üçün mühüm əhəmiyyət kəsb edir: "Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunan beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir. Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil olunur".
R.Rzayev bildirib ki, son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilib, bir o qədər bina da inşa olunmaqdadır: "Bu binalarda vətəndaşların rahatlığı məqsədilə lazımi imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır".
Ali Məhkəmənin sədri vurğulayıb ki, 2015-ci il noyabr 4-də Prezident İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütün hüquqşünaslar üçün tarixi hadisədir. Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2015-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Bu məlumatlarla əlaqədar plenumda geniş müzakirələr və təhlillər aparılıb.
Məruzə edən kollegiya sədrləri 2015-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu bildiriblər. Plenumda Ali Məhkəmənin 2016-cı ilin birinci yarısına dair iş planı təsdiq olunub. Plenumda konkret cinayət və mülki işlərə baxılıb. Plenumda müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


