Həmsədrlərə etiraz - `Erməni maraqlarına xidmət edirlər`

Həmsədrlərə etiraz - `Erməni maraqlarına xidmət edirlər`
  23 Yanvar 2016    Oxunub:3114
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan edirlər”.

AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yayılan birgə bəyanatında deyilir.

Bəyanatda AŞPA-nın yaxın vaxtlarda münaqişə ilə bağlı qətnamə qəbul edə biləcəyi vurğulanır: “Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin qeyd edirik ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.



Həmsədrlərin bu bəyanatı Azərbaycan ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanıb. Ölkə siyasiləri hesab edir ki, həmsədrlərin növbəti bəyanatı da erməni maraqlarına xidmət edir.

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev AzVision.az-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupunun son bəyanatı qərəzli və ikili standartlardan irəli gələn mövqedir: “Təəssüflər olsun ki, həmsədr dövlətlər ədalətə söykənməyən, beynəlxalq hüquq prinsiplərinə zidd olan mövqedən əl çəkmirlər. Hələ də Ermənistan konstruktiv mövqeyə gəlmir. Çünki, onların çox böyük havadarları var. Ermənilər isə onlara arxalanaraq işğalçı mövqeyindən əl çəkmək istəmir”.



“Beynəlxalq təşkilatların, müxtəlif ölkələrin parlamentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın maraq dairəsindədir və ədalətə söykənir. Hesab edirəm ki, bütün beynəlxalq təsisatlar ədalətə söykənərək öz sözlərini deməyi bacarmalıdırlar. O cümlədən AŞPA. Bu qrum hələ 2005-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qərar qəbul edib. Ancaq, Ermənistan hələ də bunu qəbul etmir və işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmur” – deyə R.Rzayev vrğulayıb.

O qeyd edib ki, AŞ PA-nın 25-29 yanvar tarixlərində keçiriləcək sessiyasında Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı məruzələr dinləniləcək: “İndi erməni lobbisi bunun qarşısını almaq üçün səylə çalışır. Həmsədrlərin bəyanatı da bu işin nəticəsidir”.

Bu ədalətsiz mövqe ilə əlaqədar R.Rzayev həmsədrlərə müraciət də edib: “Onlar münaqişənin həllində beynəlxalq hüquq prinsiplərinə istinad etməli, ikili standartlardan çəkinməli və işğalçını tutduğu mövqedən çəkindirməyə çalışmalıdırlar. Bunun üçün onlar Ermənistandan separatçı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkməyi tələb etməlidirlər. Bunu etməyin əvəzinə isə həmsədrlər ədalətdən kənar bəyanat yayırlar”.

Millət vəkili vurğulayıb ki, həmsədrlərin dediklərinin AŞ PA ilə heç bir əlaqəsi yoxdur: “AŞ PA-da işğal faktını gizlətməyən kifayət qədər millət vəkilləri var. Hesab edirəm ki, onlar əsl həqiqəti sessiyada səsləndirəcəklər”.



Millət vəkili Sahib Alıyev isə AzVision.az-a deyib ki, həmsədrlər bu bəyanatları ilə bir daha Ermənistanın tərəfini tutduqlarını sübut etdilər: “ATƏT-in Minsk qrupu həmsədrlərinin Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının əleyhinə çıxmaları, hələ bu azmış kimi AŞPA-nı belə məsələlərə qarışmamağa səsləmələri onların vasitəçi deyil, tərəf olduqlarının daha bir təsdiqidir. Birinci dəfə deyil ki, sözü gedən ölkələr bu cür erməni havadarı rolunda çıxış edirlər. Onlar Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətin BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasının da əleyhinə olmuşdular. Niyə? Çünki onda da Ermənistanın işğalçı mahiyyəti ortaya çıxır və Azərbaycanın gələcəkdə güc tətbiqi yoluyla belə öz torpaqlarının azad etmək haqqının olduğu növbəti dəfə təsdiqini tapırdı”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti