İranda “ayətullahlar savaşı” başlayır – TƏHLİL

İranda “ayətullahlar savaşı” başlayır – TƏHLİL
  05 İyul 2013    Oxunub:2305
İranda keçirilən prezident seçkilərində “islatahatçılar” qanadının təmsilçisi Seyid Həsən Ruhaninin qalib gəlməsində eks-prezidentlər Ə.H.Rəfsancani və M.Hatəminin əhaliyə müraciətləri mühüm rol oynamışdı. İrandakı prezident seçkilərinin üç əsas amili qeyd olunmalıdır:

a) əhali son illərdə İranın siyasətindən, prezidentdən və dini liderdən narazıdır;

b) eks-prezident H.Rəfsancani və dini lider S.Xamneyi arasındakı siyasi mübarizə seçkilərin ən taleyüklü məsələlərindən biri idi; eks-prezident Ə.H.Rəfsancani qalib gəldi. Mümkündür ki, bu mübarizə davam etsin və yaxın illərdə İranın taleyində hədsiz mühüm rol oynasın.

Ə.H.Rəfsancani və S.Ə.Xamneyi oxşar parametrlərə və tərcümeyi-hala malikdirlər: hər ikisi dini rütbəcə ayətullahdır, hər ikisi vaxtilə prezident işləyib, hər ikisi İran islam inqilabının lideri Xomeyninin ən yaxın silahdaşları olublar. İki şəxs arasındakı narazılığın müəllifi İranın ali dini lideri S.Ə.Xamneyidir. O, eks-prezident H.Rəfsancaninin yenidən prezident olmasından qorxdu və onun seçkilərdə iştirakına maneə yaratdı. S.Ruhaninin prezidentliyi dövründə Ə.H.Rəfsancani dini liderin başqası ilə əvəzlənməsi və ya səlahiyyətlərinin məhdudlaşdırılması ilə məşğul ola bilər. Bu halda növbəti dörd il iki ayətullahın- dini lider və eks-prezidentin İranda hakimiyyət uğrunda mübarizəsi kimi xarakterizə oluna bilər;

c) Qərb İrandakı seçkilərə etimad göstərmirdi, pessimist idi. S.H. Ruhaninin prezident seçilməsi onun mövqeyini dərhal dəyişdirdi. Qərb S.H.Ruhaninin prezidentliyinə böyük ümid bəslədi və onun üçün ilkin dividentlər ayırdı. Qərbin Ruhaniyə kart-blanş verdiyini düşünmək olar.

S.Ruhaninin prezidentliyi ötəri prezidentlik ola bilməyəcək. Gənclər və qadınlar onun prezident seçilməsində mühüm rol oynadı; hər bir təbəqənin özünün marağı var. S.Ruhani əhalinin yığılıb qalmış sosial-iqtisadi problemlərini həll etməklə yanaşı ölkənin Qərblə problemlərini həll etməli, nüvə məsələsinin həllini tapmalı, qadınların mənəvi ehtiyaclarını ödəməli, milli azlıqların problemlərini həll etməlidir.

İranın nüvə problemini həll edərkən yeni prezident dini liderin fəaliyyət konsepsiyasını əsas götürməlidir. Bu, növbəti dörd il üçün İranın taleyini həll edəcək. Dini lider yeni prezidentə nüvə problemlərinin həllində geniş səlahiyyətlər verəcəksə, H.Ruhani İranın bütün problemlərinin həllində irəliləyiş əldə edə biləcək. Lazımi səlahiyyətlərin verilməyəcəyi təqdirdə, prezident və dini lider arasında narazılığın bünövrəsi qoyulacaq. Nəticədə yeni prezident öz tərəfdarları (iki eks-prezident - H.Rəfsancani və M.Hatəmi) ilə birlikdə ali dini liderə qarşı mübarizə aparacaqlar. Ali dini liderin vəzifədən uzaqlaşdırılması ssenarisi bu zaman reallaşmağa başlaya bilər.

H.Ruhaninin mətbuat konfranslarında verdiyi açıqlamalardan bəlli oldu ki, İranın əsas problemlərinin həlli ilə bağlı arzulara malikdir; reallığın necə olacağını özü də bilmir.

H.Ruhaninin prezident seçilməsi Rusiyanın daha da aktivləşməsinə səbəb oldu. Bu aktivlik rəsmi Moskvanın narahatlığı ilə yanaşı müşahidə olunur. Yeni prezidentə Qərbin kart-blanş verməsi Rusiya üçün təhlükəli ssenarilərin reallaşma ehtimalını daha da gücləndirir. İran “S-300” ZRK-ların satılması ilə bağlı müqavilənin icra olunmasında israrlı olub beynəlxalq məhkəmədən şikayətini geri götürmək fikrində deyil. Bu məsələdə əsas açar ABŞ-a mənsubdur. Rusiyanın İrana “S-300” ZRK-ları verməməsinin, eləcə də İranın beynəlxalq məhkəmədə qalib gəlməsinin səbəbkarı ABŞ-dır. ABŞ bu məsələdən öz maraqlarına uyğun istiqamətdə istifadə edəcək. RF aktivliyi ilə İranın diqqətini cəlb etmək istəyir: ortaya konkret ideyalar qoyur, İranın nüvə texnologiyalarını AEBA ilə müzakirə edir, İrana məsləhət bilir ki, uranın zənginləşdirilməsini 20%-dən yuxarıya davam etdirməsin. Əvəzində beynəlxalq ictimaiyyətin İrana doğru hərəkət edəcəyini bildirir. Hər halda yeni prezident seçkilərindən sonra Rusiyanı biz daha zəifləmiş formada görürük. İsrail yeni prezident seçkisindən sonra Qərbin İrana qarşı mövqeyinin dəyişməsindən narahatdır və buna əlavə vaxt verilməsi kimi yanaşır. İsrailin fikrincə, İrana heç bir şərt daxilində əlavə vaxt verilməməlidir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) analitik hesabatı əsasında


Teqlər:





Xəbər lenti