8 qəza: 1 ölü, 13 yaralı - Qardan sonra vəziyyət

8 qəza: 1 ölü, 13 yaralı - Qardan sonra vəziyyət
  26 Yanvar 2016    Oxunub:3501
Qarlı hava şəraiti ilə əlaqədar ötən gün ərzində ölkə yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, baş verən qəzalarda 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov isə vurğulayıb ki, ötən gündən bu gün səhər saatlarına qədər paytaxtda 5 yol qəza hadisəsi qeydə alınıb. Qəza hadisələri zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib.

V. Əsədov həmçinin şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə, avtomobil sürücülərinə və sahiblərinə də müraciət edib: “Belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır. Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar. İstismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.

Bundan başqa yanvarın 25-i səhərdən bu günə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 1 800 çağırış qeydə alınıb. Stansiyanın baş həkimi Rauf Nağıyev deyib ki, səhər saatlarında isə sürüşərək yıxılıb travma alan 2 nəfər təcili yardıma müraciət edib. Hazırda onlar Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunurlar.

Onun sözlərinə görə, bütün köməkçi stansiyalar yüksək keçiricilik qabiliyyəti olan nəqliyyat vasitəsi ilə təmin olunub: “Çağırışlar idarə olunur. Yıxılaraq xəsarət alanlar barədə hələlik dəqiq məlumatım yoxdur. Çünki hələ onlar rentgendən keçiriləcək. Onları Elmi-Tədqiqat İnstitutuna aparan həkim briqadaları hələ geri dönməyib”.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti