200 min saxta pul dövriyyədən çıxarılıb

200 min saxta pul dövriyyədən çıxarılıb
  26 Yanvar 2016    Oxunub:1962
“Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirlərilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79.100 ABŞ dolları və 225 min rubl olan 2167 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb”.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Naziri Ramil Usubov kollegiya iclası zamanı deyib. Nazir bildirib ki, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11.713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanılıb. Ümumən, 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib.

R. Usubov onu da qeyd edib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olmaqla istintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub.

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.

Nazir onu da qeyd edib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində tədbirlər də davamlı olub. Narkotiklərlə əlaqədar 2935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərdən 786-ı narkotik vasitələrin satışı ilə bağlı olub.

Qeyri-leqal dövriyyədən əvvəlki dövrlə müqayisədə 138 kiloqram çox, bütövlükdə, 810,5 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, 20 kiloqram çox və ya 95,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 169 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti