`Fransız deputatların ermənilərdən fərqi yox idi` - Qənirə Paşayeva

`Fransız deputatların ermənilərdən fərqi yox idi` - Qənirə Paşayeva
  27 Yanvar 2016    Oxunub:2504
Bu gün AŞPA-da çox ciddi bir sənəd qəbul olundu. “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə əksini tapır.

Məruzəçi xanım Milica Markovuç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə Ermənistanın qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızım həyatına ciddi təsiri ilə bağlı geniş çıxış edib və bildirib ki, AŞPA bu məsələyə özünün münasibətini bildirməli, vəziyyətin aradan qalxması üçün addımlar atmalıdır.

Qəbul edilən sənəddə Ermənistanın, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş təkliflərinə baxmayaraq, bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi birmənalı şəkildə əksini tapır.

- Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əleyhinə çox çalışmasına baxmayaraq, belə bir sənədin qəbulu çox ciddi məsələdir,- deyə millət vəkili, Azərbaycanın AŞPA-dakı deputat qrupunun üzvü Qənirə Paşayeva AzVision.az-a bildirib. - Erməni diasporu və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu, çox önəmli məsələdir.

Ümumilikdə bugünkü iclasın gedişini dəyərləndirən millət vəkili deyib ki, AŞPA-da 11 illik fəaliyyəti dövründə ən ədalətsiz bir müzakirənin şahidi olub: "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatın müzakirəsi zamanı çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən sadəcə 1 nəfərə - Rafael Hüzeynova söz verildi və o, həqiqətləri Assambleyanın diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki, ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əleyhdarlarına daha çox çıxış etmək imkanının yaradıldığını, müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi. Ermənistan və erməni lobbisi ilə yanaşı bir sıra Avropa dövlətləri də ciddi lobbiçilik edirdilər sənədin qəbul olunmaması üçün. Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa heyətindən çıxış edənlərin Ermənistan heyətindən çıxış edənlərdən heç bir fərqi yox idi, ədalətsiz yanaşmalar və çağırışlar səsləndirirdilər”.



Teqlər:  



Xəbər lenti