Nardaran məktəbliləri AMEA-da

Nardaran məktəbliləri AMEA-da
  27 Yanvar 2016    Oxunub:2255
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Sabunçu rayonundakı Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi AMEA-nın qonağı olub.

Bilik Fondundan verilən məlumata görə, Nardaran məktəbliləri AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi bölmələri və institutlarının keçirdiyi sərgi ilə tanış olublar. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında rolu barədə geniş bilgilər verilib.

Sərgi şagirdlərin böyük marağına səbəb olub, onlar alimlərlə ünsiyyət yaradıb, suallarına cavab alıblar.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib: "Görüşlərimiz davamlı olacaq. Məktəblərdə, xüsusən Nardaranda fəaliyyət göstərən təhsil ocaqlarında alimlərin ustad dərslərini təşkil etməyi planlaşdırırıq. Bilik Fondunun "Ustad-şəyird” layihəsi var. Bu layihə çərçivəsində şagirdlərdə elmə erkən həvəs oyatmağa çalışırıq". Bilik Fondunun icraçı direktoru məktəbliləri əmin edib ki, belə tədbirlər mütəmadi olaraq keçiriləcək.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış alimlərin əsərləri ilə tanış olan şagirdlər zəngin məlumat alıblar.

Nardaran məktəbliləri "Tusi-Bohm" Planetariumunda əsrarəngiz mənzərə ilə tanış olublar. Planetariumun meneceri Famil Mustafa şagirdlər arasında astronomiyaya dair müsabiqə keçirib, qaliblərə hədiyyələr təqdim edilib. Kainatın yaranması haqqında film nardaranlı məktəblilərin böyük marağına səbəb olub.


Teqlər:



Xəbər lenti