Bakının `evi yıxılan` ev bazarı… - Reportaj

Bakının `evi yıxılan` ev bazarı… - Reportaj
  27 Yanvar 2016    Oxunub:37196
Son günlər Bakıda daşınmaz əmlak bazarında durğunluq yaşanır. Paytaxtda mənzillərin qiyməti ötən illə müqayisədə xeyli aşağı düşsə də, ekspertlər vəziyyətin daha da pisləşəcəyini bildirirlər.

Kirayə ev bazarında da analoji vəziyyət hökm sürür. Qiymətlər aşağı düşüb, amma təlabat sıfır səviyyəsindədir.

“Neftçilər” metrosunun yaxınlığında yerləşən “kirayə bazarı”nda hazırki vəziyyətlə maraqlandıq. Şaxtalı hava şəraitində işə çıxan “makler”lər müştəri qıtlığından şikayətlənirdilər.



“Kirayə mənzillərin qiyməti düşüb. Buna baxmayaraq müştəri yoxdur. 250-300 manatlıq evləri 200-220 manata təklif edirik, amma kirayə ev axtaran insanlar bu qiymətlə razılaşmırlar. Evlərin satışı demək olar ki, dayanıb. Alıcı yoxdur. Ayda bir mənzil sata bilmirik. Bundan əvvəl gün ərzində 3-4 ev kirayə verirdik. İndi həftələrlə siftə edə bilmirik”-deyə Mübariz Əliyev deyib.

Ev alqı-satqısı ilə məşğul olan M.Əliyev mənzillərin 10-20 min arası ucuzlaşdığını vurğulayıb: “Şəhərin mərkəzində bir otaqlı evi 50, iki otaqlı evi isə 70 minə almaq olar. Mərkəzdən kənarlarda da qiymətlər düşüb. “Neftçilər” metrosunun yaxınlığında əvəllər iki otaqlı mənzil 80-90 min manat idisə, indi həmin evlər 55 və ya 60 min manata satışa çıxarılır. Bazarda real alıcı demək olar ki, yoxdur. Hamı gözləyir ki, qiymətlər daha da ucuzlaşsın”.

Hazırda kirayə evlər neçəyədir?

“Kirayə verilən evlərin qiyməti yerindən asılı olaraq 20-30 manat ucuzlaşıb Nərimanov rayonunda bir otaqlı kirayə ev 300 manat idisə, indi 280 manat olub. 270 manata olan ev isə 230-240 manatdır”.

Ev “makleri” Əli Qocayevun sözlərinə görə, bazarda alqı-satqının dayandığını bildirib. O, hesab edir ki, ev bazarında müştəri tapmaq, səhrada su tapmağa bənzəyir.



“Banklara borcu olan insanlar evlərini ucuz qiymətə satışa çıxarırlar. Amma alıcı tapmaq mümkün deyil. Vəziyyət o həddə çatıb ki, bazara müştəri gələndə sevindiyimizdən uçuruq. Əvvəl belə problem yaşamırdıq. Bütün günü burda boş-bekar otururuq”.

Müsahibin sözlərinə görə, mənzil bazarında durğunluq 5-6 ay əvvəldən başlayıb: “Kiyarə ev axtaranların say xeyli azalıb. Heç kim 250 manatdan bahalı kirayə ev istəmir. Hamı ucuz ev axtarır. Kirayəşinlərin çoxu bahalı evlərin pulunu verə bilmirlər, məcburən gəlib ucuz ev axtarırlar. Müştərilən çoxu 100-150 manat arası kirayə ev istəyir. Elə müştəri olur ki, 100 manatlıq evin də kirayə pulunu verə bilmir”.



Ramazan Xudaverdiyev “makler bazarı”nın “öldüyünü” qeyd edib: “Hazırda alış-verişin dayanmasına görə bir neçə makler VÖEN-i bağlatdırıb. Satış var ki, vergi də verək? Təsəvvür edin ki, vaxtı ilə “Razin”də 300 manata kirayə verdiyim 2 otaqlı evə 200 manata müştəri tapa bilmirəm. Elə bil, bazara bomba düşüb. Rayondan gələnlərin çoxu qayıtdığından kirayə evə təlabat azalıb”.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti