`Dedi ki, sizi pulla basdıraram...` - `Azpetrol`un döyülən işçisi

`Dedi ki, sizi pulla basdıraram...` - `Azpetrol`un döyülən işçisi
  27 Yanvar 2016    Oxunub:25989
Ölkənin ən səs-küylü hadisəsi ilə bağlı ilginc faktlar

Ötən gün Bakının Tiflis prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində idmançıların mühafizəçini döyməsi günün müzakirə mövzusuna çevrilib. Hadisənin geniş ajiotaj yaratmasına səbəb dava salan idmançılardan birinin general qohumu olmasıdır.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıb.

AzVision.az ölkə gündəmi dəyişən hadisə zamanı xəsarət alan Sadiq Bağırovla əlaqə saxlayaraq, insidentlə bağlı müsahibə alıb:

-Hadisəni törədənlərin kim olduğunu dəqiq bilmirəm. Gecə saatlarında “Bently” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Mən yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim.

Bu, xoşlarına gəlmədi. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. Post-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər. Hamı üstümə tökülüb, döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək.

İşçilər bizi ayırandan sonra, “Bently”dən düşən idmançı əlində silahla məni hədələməyə başladı.

- Həmin şəxslərin generalın qohumu olduğu iddia edilir. Hətta deyilir ki, onlar sizi general qohumu ilə hədələyib? Bu doğrudurmu?

- Sözün açığı onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. “Bently”nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlədirirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda duran bilməz. Sizi pullan basdıraram”. Onları sakitləşdirməyə çalışırdım.

Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra əraziyə “Prado” markalı maşın gəldi. Maşından düşən idmançılar mənə hücum etməyə başladılar. “Prado”nun sürücüsü işçilərimizi hədələyib, deyirdi ki, onun atası imkanlı adamdı, sizi məhv edər. Heç bir səbəb olmadan dava saldılar. Qapalı kəllə beyin travması almışam. Hazırda müalicələrimi ev şəraitində davam etdirirəm.

- Onlar neçə nəfər idilər?

- Səhv etmirəmsə, “Bently”də 4 nəfər var idi. Maşnda iki qız da var idi, hamısı içkili idilər. Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər.

Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır. Həmin insanlar pullarına güvənsələr də, mən dövlətimə, Azərbaycan polisinə arxalanıram. Heç kim qanundan qaça bilməz.

- Sizinlə bağlı apardığımız qısa araşdırma zamanı jurnalist olduğunuzu öyrəndik...

- Bəli, ixtisasca jurnalistəm. Xəzər universitetinin jurnalistika fakültəsini bitirmişəm. İxtisasıma görə iş tapa bilmədiyim üçün mühafizəçi işləyirəm.

Qeyd edək ki, mətbuatda hadisənin əsas səbəbkarı olan İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.

Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev mətbuat açıqlamasında İsa Əzizovun qohumu olduğunu təsdiqləyib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti