Məmurlar BMW və “Mercedes”dən imtina edir

Məmurlar BMW və “Mercedes”dən imtina edir
  28 Yanvar 2016    Oxunub:13325
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib.

Ölkə başçısı konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə prezident məlumatlara səslənib.

Ölkə başçısının yerli istehsalın stimullaşdırılması ilə bağlı irəli sürdüyü təklif ekspertlər tərəfindən müsbət qiymətləndirilir.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev prezidentin səsləndirdiyi fikirlərdən sonra həddindən artıq sifariş aldıqlarını deyib.

“Dövlət qurumları, nazirliklər, icra hakimiyyətləri, adi iş adamları dünəndən bu günə qədər müraciət ediblər. Badamdardakı satış mərkəzimizə də həddindən artıq müraciət edən, sifariş verənlər var”-deyə M.Abdullayev qeyd edib.

Baş direktorun da bildirdiyi kimi, prezidentin çıxışından sonra vəzifəli şəxslərin Naz avtomobillərinə axını başlayıb.

Ekspert Ramil Osmanlının sözlərinə görə, məmurların NAZ avtomobillərindən istifadə etməsi mümkündür. O, hesab edir ki, bunun üçün məmular, vəzifəli şəxslər BMW, Mercedes modellərindən imtina etməlidirlər.

“Nazirlər, nazir müavinləri, idarə, şöbə rəisləri daha çox “7-ci seriya BMW” “Mercedes-S-Class” və “Hyundai”-ın müxtəlif modellərindən istifadə edirlər. Nazirliklərin və dövlət orqanlarının istifadə etdiyi avtomobillərin əksəriyyətinin qiyməti biznes-klass sinfinə aiddir. Onların da minimum qiyməti 50-60 min manatdan başlayır. 200 min manat dəyərində olan xidməti avtomobillər də var. Düşünürəm ki, məmurlar üçün bahalı maşınlara ehtiyac yoxdur. Bakı şəhərinin mövcud yol infrastrukturu baxımından, yanacaq sərfiyyatı baxımından bu tipli avtomobillər əvəzlənməlidir”.

Məmurların “NAZ-Lifan” almasına gəlincə, ekspert hesab edir ki, gələcəkdə yeni avtomobillərin alınmasına ehtiyac yaranarsa, “NAZ-Lifan”dan istifadə etmək olar.

“Bu, kifayət qədər yerli istehsalın stimullaşdırılmasıdır. Həmin avtomobil zavodunun gələcəkdə daha yüksək şəkildə inkişaf etməsi üçün buna ehtiyac var. Tələb nəticəsində Naxçıvan avtomobil zavodu öz istehsal imkanlarını genişləndirmək imkanı qazanacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti