`10 il əvvəl şok vəziyyətində idik`- TQDK sədri
M.Abbaszadə qeyd edib ki, fənlər üzrə məktəb qiymətləri ilə qəbul imtahanlarında toplanılan balların müqayisəsi üçün abituriyentlərin hər bir fənn üzrə topladıqları balların məktəb qiymətləri ilə korrelyasiyası da araşdırılıb. Məlum olub ki, orta məktəblərdə nisbətən obyektiv qiymətləndirmə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılır.
Bunu həmin fənlərin buraxılış imtahanları fənləri olması ilə izah edən M.Abbaszadə qeyd edib ki, hər üç fənn üzrə korrelyasiya əmsalı 2015-ci ildə 0,60-0,65 intervalında olub. Bu göstərici 2012-ci illə müqayisədə artıb.
M.Abbaszadə qeyd edib ki, 2014-cü ildə xarici dil üzrə korrelyasiya əmsalı 0,42-yə bərabər olub: "Amma 2015-ci ildə buraxılış imtahanları fənləri sırasına xarici dil də daxil edildikdən sonra bu göstərici 0,61 faizə yüksəlib. Fizika, kimya, biologiya üzrə korrelyasiya əmsalı isə 0,50-0,53 intervalındadır".
M.Abbaszadə deyib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4,5-5 intervalında olan abituriyentlərin sayı 15 332 nəfər olub: "Onların 1359 nəfəri (8,86 faizi) 0-100 bal, 2530 nəfəri (16,50 faizi) 100-200 bal, 3249 nəfəri (21,19 faizi) 200-300 bal, 5747 nəfəri (37,48 faizi) 300-500 bal, 24 47 nəfəri (15,96 faizi) 500-700 bal toplayıb".
Komissiya sədri hesab edir ki, orta attestat balı 4,5-5 intervalında olan abituriyentlər arasında 0-100 bal toplayanlar olmamalıdır.
M.Abbaszadə əlavə edib ki, 2015-ci ilin məzunları arasında orta attestat balı 4- 4,5 intervalında olan abituriyentlərin 45 faizi 200 baldan aşağı nəticə göstərib: “Demək, müəllimlərin “5” qiyməti yazmaq məsuliyyəti artıb. Amma “4” qiymətini yazmaq məsuliyyəti bir o qədər də artmayıb”.







Vaxtında, Aydın, Lazımlı!


