Müdafiə Nazirliyinin generalları toplandı
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında Silahlı Qüvvələrin dövlətin əsaslarını təşkil edən mühüm təsisatlardan biri olduğunu, ölkənin təhlükəsizliyini və müdafiəsini təmin etdiyini vurğulayıb.
Hərbi kollektivlərin əsasən gənclərdən ibarət olduğunu diqqətə çatdıran professor Ə.Həsənov şəxsi heyətlə iş zamanı dövllət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin əsas aspektlərinin operativ və dolğun şəkildə onlara çatdırılmasını xüsusi qeyd edib. Hərbi qulluqçuların mətin, iradəli, vətənsevər gənc kimi formalaşaraq ictimaiyyətə inteqrasiyasında hərbi xidmətin əvəzsiz rolundan, bu sahədə şəxsi heyətlə iş üzrə zabitlərin potensialından səmərəli istifadənin zəruriliyindən, əsgərlərin dünyagörüşünün milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasından, onlarda Azərbaycan dövlətçiliyinə, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqət hisslərinin aşılanmasından və bütün bunların ordu quruculuğunda əhəmiyyətindən danışıb.
Qlobal maliyyə böhranı və kəskin geostrateji mübarizə şəraitində Azərbaycanın mövcud sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tolerantlığın ölkədə həyat tərzi olması və bir sıra vacib mövzulara toxunan Ə.Həsənov toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışı da toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. M.Qurbanlı Silahlı Qüvvələrdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışaraq qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. Dövlət başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi haqqında sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkənin nüfuzunu daha da artırıb.
Sonda şəxsi heyətin sullarını cavablandıran komitə sədri Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının da təsdiq edildiyini nəzərə çatdırıb və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini bildirib. Təlim-metodiki toplantı öz işini davam etdirir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


