Deputatlarımız da `NAZ`lanırlar?

Deputatlarımız da `NAZ`lanırlar?
  28 Yanvar 2016    Oxunub:11100
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib.

Ölkə başçısı konfransda məmurlara “Lifan” avtomobilini sürməyi tövsiyə edib. “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə prezident bildirib.

Prezidentin çıxışından sonra dövlət rəsmilərinin “NAZ-Lifan” maşınlarına axını başlayıb.

Milli Məclisin deputatları maşınlarını “NAZ-Lifan”la dəyişməyi düşünürlərmi?

AzVision.az bu sualla milət vəkillərinə müraciət edib.



Deputat Yevda Abramov prezidentin təklifini dəstəklədiyini bildirib: “Xarici ölkələrdə, o cümlədən İranda dövlət məmurları həmin ölkədə istehsal edilmiş avtonəqliyyat vasitələrindən istifadə edirlər. Bəzi ölkələrdə isə avtomobildən istifadə etməyə icazə verilmir. Avropa ölkələrində insanlar velosipeddən istifadə edir. Bu çox gözəl təşəbbüsdür. Hazırda maşınımı dəyişməyi düşünmürəm, 15 ildir “Nissan” sürürəm”.

Millət vəkili hesab edir ki, dövlət rəsmiləri çox sadə həyat tərzi ilə seçilməlidir: “Cənab prezidentdən nümunə götürmək lazımdır. Prezidentin dediyi kimi, məmurlar xalqın xidmətçisi olmalıdır. Biz geyindyimiz paltarla, sürdüyümüz maşınla özümüzü göstərməməliyik. Xalqı qıcıqlandırmaq olmaz. Mən deputat olsam da, dəyişilməmişəm. Sadə olmaq lazımdır”

Y. Abramov bildirib ki, məmurun villası olmamalıdır: “Məmur başa düşməlidir ki, bu gün ölkə ağır sınaq qarşısındadır. Büdcəyə qənaət etmək lazımdır. Bu yaşamaq üçün imkanın varsa, bununla kifayətlənmək lazımdır. İmkanlı şəxslər xaricdən bahalı mebellər sifariş verirlər, yüz minlik maşınlar sürürlər. Bu insanlarda qıcıq yaradır”.



Millət vəkili Asim Mollazadə isə “Toyota” markalı avtomobildən istifadə etdiyini deyib. O, avtomobilini dəyişmək barədə düşünmədiyini bildirib.



Deputat Xanhüseyin Kazımlı həmkarlarından fərqli olaraq şəxsi avtomobildən istifadə etmədiyini qeyd edib: “Azərbaycandan pulların kənara çıxarılmasının tərəfdarı deyiləm. Yerli istehsal inkişaf etməlidir. Mən şəxsi avtomobildən istifadə etmirəm, işə metro ilə gedib-gəlirəm”.



Millət vəkili Əli Məsimli həmkarlarına ondan nümunə götürməyi məsləhət görüb: “Mənim istifadə etdyim maşının modeli “Hyundai Sonata” dır. Maşınım prezidentin təklif etdiyi “Lifan” markalı maşının qiymətinə və göstəricilərinə görə yaxındır. Başqaları da məndən nümunə götürsün”.



Deputat Azay Quliyev yaxın günlərdə “Lifan” markalı maşın almağı düşünür: “Mənim sahibi olduğum maşın “Nissan”dır. Əminəm ki, Naxçıvanda istehsal olunan avtomobillər bütün göstəriciləri ilə xarici markalı maşınlardan geri qalmır. Prezidentin bu təşəbbüsündən sonra çoxsaylı təklif və müraciətlər var. Bu, yerli sənayenin dəstəklənməsi üçün böyük perspektiv yaradacaq.

Mən özüm də böyük məmnuniyyətlə “Lifan” maşınlarından istifadə edərəm. Əməkdaşlarımız arıtq bu avtomobillə maraqlanıb. Yəqin ki, bizim də sifarişimiz olacaq”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti