`Müsavatda hamı Arif Hacılıdan bezib` - Müsahibə

`Müsavatda hamı Arif Hacılıdan bezib` - Müsahibə
  30 Yanvar 2016    Oxunub:2902
“Arif Hacılı başqan seçildikdən sonra Müsavatı bərbad vəziyyətə saldı”
Müsavat başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı AzVision.az-a müsahibəsində Arif Hacılını sərt tənqid edib. O, partiya üzvlərinin rəhbərlikdən narazı olduğunu, tezlikə istefaların olacağını bildirib:

- Tural bəy, yeni siyasi partiya yaradacağınız bildirilir. Müsavatdan ayrılmağınıza səbəb nədir? Bu qərarınız partiya rəhbərliyi tərəfindən necə qarşılandı?

- Partiyada bəzən özlərindən xəbəri olmayan insanlar bizə ağır dərsi keçmək istəyirlər. Müsavatda bizə təpki verəcək statusda adam yoxdur. Yəni, o statusda deyilik ki, bizə kimsə ağıl versin, yol göstərsin. Fəaliyyətimiz siyasi partiya formatına keçəndə Müsavatdan istefa verəcəyik.

- Müsavat Arif Hacılı başqan seçiləndən sonra siyasi səhnədə aktivlik göstərmir, sıradan bir partiya təsiri bağışlayır. Müxalifət partiyaları ilə də münasibətlər əvvəlki kimi deyil.

-Azərbaycanda heç bir siyasi qüvvə opponent olaraq proseslərin hansısa məcraya yönəlməsinə çalışmır. Ən yaxşı halda onlar isti kabinetlərində oturaraq ordan-burdan müəyyən təkliflər irəli sürürlər. Bununla öz işlərini bitmiş hesab edirlər. Bu gün müxalifət partiyası arasında küsülüklər davam edir. 90-cı illərdəki şəxsi münasibətləri siyasi müstəviyə keçiriblər. Biri hansısa tədbirə gəlirsə, digəri ora gəlmir. Biz belə münasibətlərdən bezmişik. Lider arasındakı intiriqa, düşmənçilik müxalifəti bu günə salıb.

- Müsavatın hazırkı fəaliyyətini, konkret olaraq başqan Arif Hacılının idarəçiliyini necə dəyərləndirirsiz?

- Arif Hacılıya iradlarımı həm mətbuat, həm də şəxsi görüşlərim zamanı açıq şəkildə bildirmişəm. Arif Hacılı Müsavatı demokratik ənənələrlə idarə etmir. Bu gün partiya rəhbərliyindəkilərin 80 faizi səriştəsiz, prosesləri analiz edə bilməyən şəxslərdir. Onlar yanlız Arif Hacılıya sadiqliyinə görə vəzifəyə seçiliblər. Təəssüf ki, bu siyasət Müsavatı bərbad vəziyyətə salıb. Cəmiyyət Arif Hacılının başqan seçildikdən sonra Müsavatı necə bərbad vəziyyətə saldığını yaxşı bilir. Səriştəsiz insanların addımlarını analiz etmək maraqsızdır. Hesab edirəm ki, buna sərf edəcəyim enerjiyə daha səmərəli işlərlə məşğul olaram.

- Hazırda Müsavat rəhbərliyində təmsil olunanlardan sizin mövqeyinizi dəstəkləyənlər varmı?

- Əlbəttə var. Hazırda partiyanın seçkili orqanlarında təmsil olunanlardan ciddi dəstək alıram. Onlar da Arif Hacılının bərbad idarəçiliyindən təngə gəliblər. Hazırda partiyadakılar Arif Hacılıya görə yox, Müsavat adına bağlılıqlarına görə orada qalırlar. Müsavat adına bağlılıq olmasa, partiyada Arif Hacılıdan başqa heç kim qalmaz. Müsavatda demək olar ki, hamı Arif Hacılıdan narazıdır. O, partiyanı uçuruma aparır. Arif Hacılı başqanlıqdan istefa verməsə, Müsavat güclü partiya ola bilməyəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti